18 avqust 2012 01:07
Premyer Liqa, 3-cü tur: Arif Əsədovun proqnozu
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 3-cü turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
Simurq – Turan
“Simurq” bu il çox iddialı təsir bağışlayır. Biz bunu ilk turlardakı oyunlarda da gördük. Ona görə də Zaqatalada keçiriləcək oyunda “Turan”ın bu komandaya hansısa problem yaradacağını düşünmürəm. “Simurq”un qələbə qazanacağını düşünürəm.
Kəpəz – AZAL
AZAL çempionata yaxşı başlayıb. Buna baxmayaraq, “Kəpəz”in ardıcıl üçüncü oyununda da uduzacağını düşünmürəm. Fikrimcə, gəncəlilər doğma meydanda keçirəcəkləri oyunda nəhayət istədikləri futbolu sərgiləyə biləcəklər. Yekunda kimin qələbə qazanacağını müəyyənləşdirmək çətindi. Ya heç-heçə olacaq, ya da “Kəpəz” qalib gələcək.
Neftçi – Qəbələ
“Neftçi”nin çempionatda ardıcıl iki oyunda uduzması fatkı artıq uzun müddətdi qeydə alınmır. Məhz bu üzdən bakılıların növbəti oyunda məğlub olacağını düşünmürəm. Paytaxt klubu “Qəbələ”yə şans yeri qoymamalıdı. “Neftçi” qələbə qazanmalıdı.
Rəvan – Bakı
“Bakı”nın çempionatdakı ilk oyununu uğurlu saymaq olmaz. Çünki onlar doğma meydanda xal itirmişdilər. Buna görə də hesab edirəm ki, “zolaqlılar” artıq bu dəfə xal itirməməlidilər. “Bakı” qalib gəlməlidi.
Sumqayıt – Qarabağ
Ötən mövsüm ağdamlılar “Sumqayıt”a autsayder gözü ilə baxırdı və bu üzdən onlar məğlub edə bilmirdi. Amma bu dəfə “Qarabağ”ın eyni səhvlərə yol verəcəyini düşünmürəm. “Sumqayıt” da mövsümə kifayət qədər yaxşı başlayıb. Elə bu da “Qarabağ” üçün xüsusi bir işarə sayıla bilər. Məhz bu səbəbdən onlar rəqibi daha ciddi qəbul edəcəklər. Ona görə də “Qarabağ”ın “Sumqayıt”ı məğlub edəcəyini düşünürəm.
İnter – Xəzər Lənkəran
Hər iki komanda iddialıdı və çempion olmağı hədəfləyib. Hesab edirəm ki, bu görüşdə həm “İnter”, həm də “Xəzər Lənkəran” ehtiyatlı oyuna üstünlük verəcək. Heç biri riskə getməyə çalışmayacaq. Ona görə də qarşılaşmanın heç-heçə bitəcəyini gözləyirəm.
