19 avqust 2012 14:40
Kəpəz baş məşqçisiz qaldı
Premyer Liqanın ilk 3 turunda ardıcıl 3 məğlubiyyət alan “Kəpəz”də gözlənilən istefa gerçəkləşib. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Fuad İsmayılov istefaya göndərilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumatda İsmayılovun istefası barədə fikirləri də yer alıb:
“Mən otuz ilə yaxındı bütün güc və qüvvəmi Gəncə futbolunun inkişafına sərf edirəm. Həmişə də çalışmışam ki, öz bilik və bacarığımla doğma şəhərim üçün nə isə edim. Sonuncu dəfə “Kəpəz”ə baş məşqçi təyin olunanda da komandanı ən güclülərdən etməyə çalışırdım. Amma mən istədiyim nəticəni əldə edə bilmədiyim üçün istefa verməyi qərara aldım”.
İsmayılov bildirib ki, bundan sonra da Gəncə futbolunun inkişafı üçün çalışacaq: “Ümid edirəm ki, müxtəlif illərdə böyük məşqçilik təcrübəsi qazanmış bir mütəxəssis işsiz qalmaz. Mən yenə də böyük həvəslə şəhərimizin futbolunun yüksəlməsi üçün əlimdən gələni etməyə hazıram”.
“Kəpəz”in yeni baş məşqçisi isə hələlik açıqlanmır. Amma böyük ehtimalla bundan sonra komandaya Mahmud Qurbanov başçılıq edəcək. Futbolçu karyerasını yeni başa vuran Qurbanov bir müddət əvvəl “Tərəqqi”nin baş məşqçisi təyin olunmuşdu. Lakin o, Gəncə şəhərinin birinci diviziondakı təmsilçisini rəsmi oyuna çıxarmadan, Premyer Liqadakı kluba rəhbərlik etməli olacaq.
Qeyd edək ki, bu, Premyer Liqamızın 2012/13 mövsümünün ilk istefası kimi tarixə düşdü.
