20 avqust 2012 02:16
Böyük beşlik: Hansı ölkə bu yay transferlərə daha çox pul xərcləyib?
“Böyük beşlik” ölkələrində (İngiltərə, İspaniya, İtaliya, Almaniya və Fransa) keçirilən milli birinciləklərdə mübarizə aparan klubların bu yay transferlərə bütövlükdə nə qədər pul xərcləməsi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu baxımdan İngiltərə Premyer Liqası transferlərə daha çox pul xərcləməsi ilə liderdi.
Hazırda dünyanın ən baxımlı liqası hesab olunan İngiltərə çempionatının iştirakçıları bütövlükdə transferlərə 313,1 milyon avro xərcləyiblər. İtaliya A Seriyası ikinci yerdə gedir. İtaliyanın aparıcı klubların transfer xərcləri 281,3 milyon avro təşkil edir. Fransa isə 202 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.
Maraqlıdı ki, ötən mövsüm yay transfer bazarının ən fəallarından sayılan İspaniya klubları bu il çox passiv görünürlər. Hər halda rəqəmlər də bu fərqi aşkar sübut edir. Hazırda 65 milyon xərcə düşən La Liqa klubları ötən il 384 milyon “tərləmişdilər”.
Bu baxımdan bizim üçün maraqlı olan Almaniya (178,8 milyon avro), Rusiya (115.1) və Türkiyə (66.3) klubları da İspaniya təmsilçilərindən daha çox pul xərcləməsi ilə diqqət çəkirlər.
