20 avqust 2012 11:38
“Sadio Tounkara ilə dava irqçiliyə yox, anlaşılmazlığa görə baş verdi”
“İnter”in futbolçuları İliya Kandelaki ilə Baçana Tsxadadze Premyer Liqanın 3-cü turunun “Xəzər Lənkəran”la oyunundan sonra yaranan qalmaqalla bağlı fikirlərini açıqlayıblar. Azerisport.az xəbər verir ki, onlar Branimir Subaşiç və Sadio Tounkara ilə əlbəyaxaya çıxmalarının səbəblərini danışıblar.
Öncə Sadionu irqçi söyüşlərlə təhqir etməsi iddia olunan Kandelakini dinləyək: “Bəzi idman saytları məni rəqibin ünvanına irqçi ifadələr işlətməkdə günahlandırırlar. Guya mən onu ciddi şəkildə təhqir etmişəm. Bu, absurd ittihamdı. Bilirsiniz ki, “Xəzər Lənkəran”la qarşılaşma həmişə gərgin keçir. Oyundan sonra meydanda mənimlə qonaq komandanın üzvü Sadio Tounkara arasında yaşanmış mübahisəni təhqir kimi yox, anlaşılmazlıq kimi qiymətləndirmək lazımdı. Mən Avropa klublarında müxtəlif irqlərə məxsus futbolçularla yanaşı futbol oynamışam və kimsəni də dərisinin rənginə görə təhqir etməmişəm. “İnter” beynəlmiləl komandadı və dərimizin rəngindən asılı olmayaraq bir-birimizə həmişə hörmətlə yanaşırıq”.
Kandelakinin həmyerlisi Baçana da ittihamları qəbul etmir: “Oyunun kifayət qədər gərgin keçdiyini hamı müşahidə etdi. Oyundan sonra da mübahisə və müəyyən qədər gərginlik yaşandı. Təbii ki, belə anların yaşanmasını heç kəs arzulamaz. Lakin, təəssüf ki, zaman-zaman belə hallar baş verir və bu gün gə Azərbaycan azarkeşləri belə bir mənzərənin şahidi oldular. Təbii ki, belə mübahisəli anlarda futbolçular müəyyən davranışlara etirazlarını emisional şəkildə bildirməyə çalışırlar və bu zaman müəyyən xoşagəlməz anlaşılmazlıqlar da baş verir. Amma həmin mübahisə anlarında Peşəkar Futbol Liqasının əməkdaşına guya xəsarət yetirməyim barədə yayılan informasiya, sözün əsil mənasında, məni xeyli təəccübləndirdi. Mən həmin anlarda PFL-in əməkdaşına xəsarət yetirməmişəm. Tamamilə yanlış informasiyadı”.
Qeyd edək ki, bu komandalar arasındakı qarşılaşma qolsuz heç-heçə ilə başa çatıb.
