21 avqust 2012 01:36
Yunan forvard Azərbaycan klubuna buraxılmadığı üçün məşqə çıxmaqdan imtina etdi
Yunanıstanın AEK klubunun hücumçusu Dimitris Sialmasın Azərbaycan klubuna keçidi ilə bağlı məlumatlar bu ölkənin idman mətbuatının gündəmindən düşmək bilmir. Azerisport.az xəbər verir ki, ötən gün onun Bakıda olacağı və klublarımızdan biri ilə müqavilə bağlayacağı bildirilirdi.
Lakin AEK rəhbərliyi ona icazə verməyib. Məsələ burasındadı ki, Yunanıstan klubu futbolçusunun heyətində qalmasını istəyir. Bu isə Sialmasın kəskin etirazına səbəb olub. Belə ki, 26 yaşlı futbolçu klub rəhbərliyinin onun transferinə razılıq verməməsinə etiraz olaraq, komandanın məşqlərinə qatılmaqdan imtina edib.
Qeyd edək ki, yunan həmkarlarımız Sialmasa Premyer Liqamızın bir klubu ilə danışıqlar aparmağa rəhbərlik tərəfindən də razılıq verildiyini bəyan edirdi. Amma ötən gün AEK rəsmiləri bunu da qadağan edib.
Buna səbəb isə AEK-in yeni almaq istədiyi Vasilis Kutsianikulisin transferinin baş tutmamasıdı. Hansı ki, bu hücumçu məhz Sialmasın gedişindən sonrakı boşluğu doldurmalı idi. Bu üzdən də klub rəhbərliyi Sialmasın başqa kluba keçidinə dair verdiyi razılığı ləğv edib.
İndi Sialmasın AEK-dəki gələcək aqibəti və Azərbaycan klubuna keçib-keçməyəcəyi dəqiq bilinmir. Maraq üçün qeyd edək ki, bu futbolçunun adı öncə “Bakı” ilə birgə hallanırdı. Amma yunanlar son xəbərlərində “Bakı”nın adını çəkmirlər və güman edirlər ki, bu, Premyer Liqamızın hansısa başqa klubudu. Hər halda ən inandırıcı variantlar “Bakı” və “Xəzər Lənkəran” hesab olunur.
