22 avqust 2012 21:26
İvan Yovanoviç: Neftçi ilə oyunlarımızın favoriti yoxdu
Kiprin APOEL klununun baş məşqçisi İvan Yovanoviç UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Bakıda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bu oyun bizim üçün çox vacibdi və hər iki komanda üçün çox çətin olacaq. Ümumiyyətlə, pley-off mərhələsinin oyunu asan ola bilməz. “Neftçi”ni əvvəlki rəqiblərimizlə müqayisə etmək istəmirəm. Bu komanda çox ciddi rəqibdi. Onlar bunu İsrail “Hapoel”i ilə oyunda da isbatladılar. “Neftçi”nin avrokuboklardakı oyunlarını görmüşəm. Komanda çox yaxşı oyun sərgiləyir. Xüsusilə Flavinyonu, Cavid İmamverdiyevi, Erik Ramosu qeyd edərdim. Onlar yaxşı, güclü futbolçulardılar. Həmçnini Nikolas Kanales də təhlükəlidi.
Bizim sabah necə oynayacağımız barədə danışmaq istəmirəm. Bunu siz sabah özünüz görəcəksiz. Əlbəttə, süni örtüklü meydanda oynamaq daha da çətindi. Amma rəqibimiz də eyni şərtlər altında oynayacaq. Bu cütdə favoritin kimliyi barədə danışmağa dəyməz. Çünki o, yoxdu. Bizim heyətdə itkilərimiz var. Amma onları əvəzləyəcək futbolçularımız var. Bizi ilk oyunda yalnız növbəti mərhələyə çıxmağımıza kömək edə biləcək nəticə qane edəcək”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Oyun saat 21:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
