24 avqust 2012 01:44
Mahir Şükürov: İlk matç da göstərdi ki, APOEL-ə qarşı oynamaq olar
“Neftçi”nin futbolçusu Mahir Şükürov UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri ilk oyun barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Bakıda baş tutan və 1:1 bitən qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Neftçi” özünü yaxşı tərəfdən göstərdi. Bizim çoxlu qol epizodlarımız oldu. Amma təəssüf ki, onlardan lazımlı dərəcədə yararlana bilmədik. Hər şeyə rəğmən, APOEL kimi komandaya qarşı çox yaxşı oynadıq”.
Mahirin sözlərinə görə, qolsuz heç-heçə olsaydı, 1:1-dən daha yaxşı nəticə əldə etmiş olardılar: “Qol vurmuşduqsa, ən azı bunu qorumalı idik. Amma bunu bacarmadıq. Aydın məsələdi ki, səfərdə işimiz daha çətin olacaq. Lakin şansımız var və sona kimi mübarizəmizi davam etdirəcəyik. Bu oyun da göstərdi ki, kiprlilərə qarşı oynamaq olar”.
Komandasının yeganə qolunun müəllifi bu barədə də danışıb: “Penalti vurmağa üç namizəd var idi. Amma mən özümə əmin idim və nöqtəyə yaxınlaşdım. Nəticədə də vurdum. İkinci hissədə hücumlara o qədər də qoşulmurdum. Bu, aldığım kiçik zədə ilə bağlıydı. Ona görə də irəli çox gedə bilmirdim”.
Şükürov buraxılan qoldan da danışıb: “Kimisə ayrıca ittiham etmək olmaz. Buraxılan qolda bütün komanda günahkardı. Düzdü, mən qoldan sonra Saşa Stamenkoviçə qışqırdım. Çünki həmin epizodda o, topa çıxdığını deməliydi. APOEL təcrübəli komandadı. Bu komanda çətin vəziyyətdən necə çıxmaq lazım olduğunu yaxşı bilir. Hər şeyə rəğmən, cavab oyununda da qol vurmaq şansımızın olacağını düşünürəm”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı cavab qarşılaşması avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
