24 avqust 2012 15:07
Millimizin futbolçusu üçün yeni baş məşqçi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynovun şərəfini qoruduğu Türkiyənin “Adana Demirspor” klubu mövsümün startına cəmi bir gün qalmış baş məşqçi dəyişikliyinə əl atıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Güvenç Kurtar istefa verib.
O, klubun rəsmi saytına açıqlamasında komandanı Super Liqaya çıxarmaq üçün gəldiyini, lakin rəhbərlik və azarkeşlər arasındakı münasibətləri, həmçinin tam dəstək ala bilməyəcəyinə dair gözləntilərini əsas gətirərək, postundan getməyə qərar verdiyini bildirib.
Artıq komandanın yeni baş məşqçisi də məlumdu. Belə ki, bundan sonra “Adana Demirspor”u Osman Özdemir çalışdıracaq. Onunla bu gün müqavilə bağlanılıb və dərhal komandanın Boludakı təlim-məşq toplanışına yollanıb.
Maraq üçün qeyd edək ki, “Adana Demirspor” mövsümə sabah start verəcək. Bu komanda ilk oyununu elə hazırda təlim-məşq toplanışında olduğu Bolunu təmsil edən “Boluspor”a qarşı keçirəcək. Millimizin üzvünün də bu görüşdə iştirakı istisna deyil.
