24 avqust 2012 15:33
Premyer Liqa, 4-cü tur: Aslan Kərimovun proqnozu
Futbol üzrə Azərbaycan yığmasının sabiq kapitanı Aslan Kərimov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 4-cü turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb.
Qarabağ – Rəvan
Üç turdan sonra “Qarabağ”ın oyunu haqda xoş sözlər demək olar. Onlar bu oyunda da uğur qazanmağı hədəfləyiblər. “Rəvan” bu mövsüm də yaxşı futbol sərgiləməyə çalışır. Amma görünən odu ki, onların müdafiəsində müəyyən problemlər var. Əgər paytaxt klubu bu görüdə heç-heçəyə nail olsa, bu, onlar üçün qələbəyə bərabər olacaq. Amma “Qarabağ”ın qalib gələcəyini düşünürəm.
Turan – İnter
“İnter” bu görüşün aşkar favoritidi. İndiyə qədər hələ qələbə qazana bilməsələr də, Tovuzda artıq buna nail olacaqlar. Bu komanda hələ bundan əvvəlki turda “Xəzər Lənkəran”la oyunda da 3 xal qazanmalı idi. Amma həmin görüşdə bu, alınmadı. Amma “Turan”la oyunda “bankirlər” problemsiz qələbə qazanacaqlar.
Qəbələ - Sumqayıt
Meydan sahiblərini favorit sayıram. Ötən turda “Neftçi”yə məğlub olduqlarını nəzərə alsaq, indi onlar azarkeşlərinin gözü qarşısında bəraət qazanmağa çalışacaqlar. “Qəbələ” “Sumqayıt”dan 3 xal alacaq.
Bakı – Kəpəz
“Kəpəz”in hazırda hansı vəziyyətdə olduğu hamıya məlumdu. Yeri gəlmişkən, Mahmud Qurbanovu bu komandanın baş məşqçisi təyin olunması münasibətilə təbrik edirəm. Amma düşünmürəm ki, o, cəmi bir neçə gün ərzində nəyisə dəyişə bilsin. “Bakı” da hələ istənilən oyunu sərgiləyə bilmir. Lakin bir məsələ də var ki, “Bakı” belə bir vəziyyətdə olan komandanı da məğlub edə bilməyəcəksə, onda bu komandanın futbolçuları nə ilə məşğul olurlar? Meydan sahibləri qələbə qazanmalıdı.
AZAL – Neftçi
Burda maraqlı qarşıdurma olacağını düşünürəm. Baxmayaraq ki, oyunun keçirilməsi hazırda sual altındadı. AZAL hazırda yüksəlişdədi. Mümkündü ki, heç-heçə qeydə alınsın. Amma hansısa komanda qələbə qazanacaqsa, kimin qalib olacağını dəqiqləşdirmək çətindi.
