26 avqust 2012 12:18
APOEL-in problemləri bitmək bilmir
Kiprin APOEL klubunun Avropa Liqasının pley-off mərhələsində “Neftçi” ilə keçirəcəyi cavab matçı öncəsi problemləri bitmək bilmir. Azerisport.az xəbər verir ki, komandanın məşqçilər korpusu hələ də bəzi aparıcı futbolçuların xidmətindən yararlana bilmirlər.
Nikosiya klubunun əsas qayğıları isə Aylton, Manduka və Solari üçlüyü ilə bağlıdı. Onların bazar günündən etibarən komanda ilə məşqlərə başlayacağı bildirilsə də, bu, baş tutmayacaq. Braziliyalı Qustavo Manduka digərlərinə nisbətən daha tez sıraya dönə bilər. Amma onun həmyerlisi Ayltonla argentinalı Esteban Solarinin durumu o qədər də ürəkaçan deyil.
Bununla yanaşı, Bakıdakı oyundan sonra APOEL Kipr mətbuatı və futbol ictimaiyyəti tərəfindən ciddi şəkildə tənqid olunmaqdadı. Onlar komandanı passiv oyunda ittiham edirlər. Bu mənada komanda üzvlərinin süni meydanda oynamaq amilini önə çəkmələri də bəraət kimi qəbul olunmur. Bu üzdən də APOEL-in digər Kipr təmsilçisi “Anorthosis”in aqibətini yaşaması istisna edilmir. Hansı ki, bu komanda da Gürcüstan “Dila”sına uduzaraq, mübarizəni dayandırmışdı.
APOEL-in baş məşqçisi İvan Yovanoviç isə bütün bunlara görə narahatlığa əsas olmadığını bildirir: “Biz əminik ki, bu komandanı keçə bilərik. Nikosiyada Bakıdakından daha yaxşı oynayacağıq. İlk oyundakı zəif oyunun səbəbi təkcə süni qazon deyil. Digər amillər də var. Amma evdəki oyunda bütün bunları unudacağıq”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə avqustun 30-da Nikosiyada oynanılacaq və saat 22:00-da başlayacaq.
