27 avqust 2012 11:17
“Neftçi ilə cavab matçında bunlar təkrarlanmayacaq”
Kiprin APOEL klubunun idarə heyətinin üzvü Takis Antoniu Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutacaq qarşılaşma ərəfəsində öncə bunları dilə gətirib:
“İlk oyundakı heç-heçəyə rəğmən, bizim qrup mərhələsinə vəsiqə qazanmaq üçün çox yaxşı şansımız var. Amma bunun üçün mütləq Bakıdakından daha yaxşı oynamalıyıq. Çünki yalnız bu halda uğura ümid edə bilərik”.
Antoniu ilk oyunda qeydə alınan nəticəyə görə məmnunluğunu da gizlətməyib: “İlk oyunda sərgilədiyimiz futbol bizi o qədər də qane etmir. Amma nəticə baxımından biz əla göstəriciyə imza atdıq. Əlbəttə, “Neftçi” futbol qrandı deyil. Lakin çox yaxşı oynadı. Bu komanda öz oyunu ilə də göstərdi ki, niyə son ildə avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında məğlub olmur”.
Klub rəhbəri komandasının ilk oyundakı baxımsız oyununa görə çox tənqid etmək istəməyib: “APOEL-in oyunu barədə çox danışmaq istəmirəm. Ən azı ona görə ki, oxşar futbolun Nikosiyada təkrarlanmayacağını düşünürəm”.
Antoniu ən çox tənqid olunan komandanın müdafiə xəttinin çıxışına da toxunub: “Biz müdafiə xəttinin qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyini gözləyirik. Hazırda biz oyundan-oyuna daha da artıran bir komanda görürük. Məşqçilər korpusu öz işini daha yaxşı bilir”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq və saat 22:00-da başlayacaq.
