28 avqust 2012 21:56
Adamiya - 66, Georgiyevski – 67...
Premyer Liqanın 4-cü turunun “Turan”la oyunu “İnter” üçün bir sıra məqamlarla əlamətdar olub. Azerisport.az xəbər verir ki, bu oyun Azərbaycan çempionatında Kaxaber Tsxadadzenin baş məşqi kimi 100-cü matçı kimi tarixə düşüb.
“İnter” Tsxadadzenin rəhbərliyi altında 100 oyundan 47-də qələbə qazanıb, 30 oyunda sülh bağlayıb və 23 qarşılaşmada məğlub olub. Bu görüşlərdə “İnter” rəqiblərin qapısından 109 top keçirib və 73 top buraxıb.
Bundan başqa, oyunda qol vurmuş Georgi Adamiya və Slavko Georgievski Azərbaycan çempionatında fərqlənən 66-cı və 67-ci futbolçu olublar. Xatırladaq ki, Azərbaycan çempionatında “İnter”in ən yaxşı bombardiri aktivində 28 qol olan uruqvaylı Valter Quqlemondu. 22 qolla Xaqani Məmmədov fərqlənib, 17 qolun müəllifisə Robertas Poşkus olub. Hazırda “İnter”in heyətində çıxış edən futbolçular arasında ən çox qol Petar Zlatinovun aktivindədi – 14. Vladimir Levinin aktivində 10 qol var, Nizami Hacıyev isə 9 qol vurub.
Qeyd edək ki, 2004-cü ildən etibarən “İnter” çempionat çərçivəsində 236 oyun keçirib. Komanda bu oyunlarda 129 qələbə əldə edib, 64 heç-heçəyə imza atıb və 43 məğlubiyyətlə barışıb. Bu qarşılaşmalarda “İnter” 333 dəfə rəqib qapısından top keçirib və 160 top da qapısından buraxıb.
