29 avqust 2012 12:14
Neftçi artıq Nikosiyadadı
Azərbaycan çempionu “Neftçi” bu gün səhər Kiprə yola düşüb. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində APOEL-in qonağı olacaq paytaxt klubu artıq Nikosiyadadı.
Komandamız Heydər Əliyev adına beynəlxalq hava limanını 09:00-da tərk edib. “Ağ-qaralar” əvvəlki səfərlərdə olduğu kimi, Nikosiyaya da çarter reysi ilə yollanıb. Öncə Larnakaya uçan təmsilçimiz ordan Nikosiyaya avtobusla yollanıb.
“Neftçilər”in bu gün Nikosiyada oyun öncəsi son məşqi baş tutacaq. “GSP Arena”dakı hazırlıq prosesi Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bundan öncə isə “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransı keçiriləcək.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə avqustun 30-da oynanılacaq və saat 22:00-da başlayacaq.
