30 avqust 2012 11:41
Julius Vobay: Bu, bizi qorxuda bilməz
“Neftçi”nin futbolçusu Julius Vobay UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Nikosiyada baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bizi çox çətin oyun gözləyir. Əgər mərhələ keçmək istəyiriksə, bunun üçün Bakıdakından daha çox güc sərf etməliyik. Biz bunu çox arzulayırıq. Düşünmürəm ki, rəqib bu dəfə yenə ilk oyundakı kimi çıxış edəcək. Amma bu, bizi qorxuda bilməz. İstənilən halda biz öz oyunumuzu sərgiləməliyik. Yalnız bu halda mərhələ keçmək şansımız ola bilər”.
Qeyd edək ki, “Neftçi” ilə APOEL arasındakı ilk oyun avqustun 23-də Bakıda keçirilmiş və 1:1 hesabıyla başa çatmışdı. Cavab qarşılaşması isə bu gün oynanılacaq və saat 22:00-da başlayacaq.
