31 avqust 2012 13:51
Erik Ramos: Azarkeşlərimizi sevindirməyə davam etmək istəyirik
“Neftçi”nin futbolçusu Erik Ramos UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Kiprin APOEL klubuna qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində, o, öncə bunları dilə gətirib:
“Mən “Neftçi”yə keçəndə qrup mərhələsində oynaya biləcəyimizin bu qədər tez baş tutacağını düşünmürdüm. Düzdü, klub rəhbərliyi ilə söhbətlərimizdə komandanın qarşısındakı hədəflərdən danışmışdıq. Amma hər şeyin belə alınması bir qədər gözlənilməz oldu. Əslində, təbiətcə o qədər də emosional deyiləm. Lakin indi məni elə hisslər bürüyüb ki”!
Paraqvaylı futbolçu hesab edir ki, onlar tam layiqli qələbə qazandılar: “Hər şey ədalətlidi. Biz Kipr klubundan güclü idik. Bunu hər iki oyun göstərdi. Sadəcə, ilk görüşdə edə bilmədiklərimizi cavab matçında həyata keçirə bildik. Fikrimcə, nəticə iki hissədən ibarət mübarizəni layiqli şəkildə əks etdirir”.
Ramos komandasının qrup mərhələsində çıxış etməyə layiq olduğunu dilə gətirib: “Neftçi” əvvəlcə Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirdi. Amma buna nail ola bilmədik. Ona görə də bu xoşbəxtliyi digər turnirdə axtarmaq məcburiyyətində qaldıq. Bu dəfə bizdə alındı. Mən Azərbaycan futbolunda yeniyəm. Amma belə bir uğurun azarkeşlər üçün nə demək olduğunu gözəl başa düşürəm. Ümid edirəm ki, bizim uğurlar bununla kifayətlənməyəcək. Azarkeşlərimizi yenə sevindirməyə davam etmək istəyirik”.
