31 avqust 2012 02:03
Bakının qənimini nəhayət ki, dayandırdılar
Məlum olduğu kimi, ötən gecə Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirildi. Azerisport.az xəbər verir ki, bu mərhələdə 62 komanda mübarizə aparırdı və onlar qrup mərhələsinə 31 vəsiqənin sahibini müəyyənləşdiriblər.
Onların arasında “Bakı”nı Avroliqada mübarizədən kənarlaşdıran “Mura” da var idi. Lakin Sloveniya klubu nəhayət bu dəfə heç bir sürprizə imza ata bilməyib. Doğma meydanda olduğu kimi, səfərdə də “Lazio”ya uduzan bu komandanın avrokubok macərası başa çatıb.
Maraq üçün xatırladaq ki, bu komanda “Bakı”nın ardınca Bolqarıstanın CSKA klubunu da mübarizədən kənarlaşdırmışdı. Üçüncü təsnifat mərhələsində Ukraynanın “Arsenal” klubu Sloveniya təmsilçisinə iki oyunda 5 cavabsız qol vursa da, yekun nəticədə mərhələ adlayan “Mura” olmuşdu. Çünki UEFA Ukrayna klubunun ilk oyunda qazandığı 3:0 hesablı qələbəni ləğv edərək, bu komandaya texniki məğlubiyyət vermişdi.
