1 sentyabr 2012 23:30
Millimizin hücumçusu oynadı, komandası qələbəni əldən verdi (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun çıxış etdiyi “Metallurg” Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 26-cı turu çərçivəsində “Daugava Riga” ilə görüşüb.
Qarşılaşma rəqib meydanında keçirilirdi. Buna baxmayaraq, liepayalılar çətin səfərdən xalla qayıtmağı bacarıblar. Özü də maraqlıdı ki, "Metallurg" 79-cu dəqiqəyə qədər 3:0 öndə olduğu qarşılaşmada qələbəni əldən verib. "İnter"in sabiq hücumçusu Girt Karlson iki qol vurub.
Son oyunlarda bir qayda olaraq ehtiyatda qalan millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Vüqar 87-ci dəqiqədə Afanasyevi əvəzləyib. Amma o, meydanda olduğu qısa müddət ərzində heç nə edə bilməyib.
Qeyd edək ki, hazırda Liepaya klubu 25 oyundan sonra 46 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var.
Latviya çempionatı
26-cı tur
1 sentyabr
Daugava Riga - Metallurg - 3:3
