2 sentyabr 2012 15:56
Biri tanış, biri qonşu, biri ünlü
UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla tarix yazan Azərbaycan çempionu “Neftçi”nin bu turnirin əsas raundundakı rəqibləri artıq məlumdu. Azerisport.az sizi xəbər verir ki, “ağ-qaralar” tarixi oyunlarını İtaliyanın “İnter”, Rusiyanın “Rubin” və Serbiyanın “Partizan” klubudu.
Elə isə bu klublarla sizinlə birgə bir qədər də yaxından tanış olaq. Öncə elə H qrupunun favoriti olan Milan təmsilçisindən başlayaq. Axı komandamızın yer aldığı qrupun ən reytinqli və məşhur komandası məhz “İnter”di.
ÇL və Avroliqanın üçqat qalibi
Tam adı “Football Club Internazionale Milano” olan bu komanda 9 mart 1908-ci ildə yaradılıb. 104 yaşlı klub ev oyunlarını Milandakı məşhur “Cüzeppe Meatsa” (və ya “San Siro”) stadionunda keçirir. Arenanın azarkeş tutumu 80018 nəfərdi.
Komandaya hazırda Andrea Stramaççioni başçılıq edir. 36 yaşlı italyan mütəxəssisin futbolçu karyerası uzun sürməyib. 1994-1995 mövsümündə “Bologna”da çıxış edən Stramaççioni ciddi zədə səbəbindən karyerasını erkın başa vurmalı olub. Daha sonra məşqçiliyə başlayan Andreanın ilk peşəkar işi “İnter”di.
“İnter”in heyətində italyan futbolçularla yanaşı, Sloveniya, Argentina, Serbiya, Braziliya, Hollandiya, Kolumbiya, Belçika, Keniya, Nigeriya, Uruqvay, Rumıniya, Seneqal, Qana, Yaponiya və Xorvatiyadan legionerlər çıxış edir. Uesli Sneyder, Dieqo Milito, Valter Samuel, Antonio Kassano, Xavyer Zanetti kimi dünya şöhrətli ulduzlar “Neftçi”nin rəqibinin formasını geyinir.
“İnter” İtaliyanın ən titullu komandalarındandı. 104 yaşlı klub 18 dəfə ölkə çempionatının qızıl, 13 dəfə gümüş medallarını qazanıb, 7 dəfə İtaliya Kubokuna, 5 dəfə ölkə Super Kubokuna sahib çıxıb.
Çempionlar Liqasında 5 dəfə final oynayan komanda 3 halda kuboku başı üzərinə qaldırıb. “İnter” sonuncu dəfə 2010-cu ildə – 45 ildən sonra, Joze Mourinyonun başçılığı altında Çempionlar Liqasının qalibi adını qazanıb. Milan təmsilçisi 3 dəfə UEFA Kubokunun qalibi olub. Bundan başqa, komanda 2010-cu ildə klublararası dünya çempionluğuna sahib çıxıb.
“Barcelona”nın qənimi “Rubin”
“Rubin” klubu 1936-cı ildə yaradılsa da, sonradan fəaliyyətini dayandırıb və 1958-ci ildə bərpa olunub. Komanda ev oyunlarını Kazandakı mərkəzi stadionda keçirir. Arenanın azarkeş tutumu 28500 nəfərdi.
“Rubin”ə türkmən mütəxəssis Kurban Berdiyev başçılıq edir. 60 yaşlı baş məşqçi komandanın tarixinə adını qızıl hərflərlə yazdıra bilib. Belə ki, “Rubin” bütün uğurlarını onun rəhbərliyi altında qazanıb.
“Rubin”in 64 yaşı olsa da, bütün uğurlarına 2000-ci ildən sonra imza atıb. Belə ki, komanda 21-ci əsrin əvvəllərindən etibarən 2 dəfə Rusiya çempionluğunu, 3 dəfə bürünc medalları, 2 dəfə ölkə kubokunu, 2 dəfə də Super Kuboku qazanıb.
“Rubin” avrokuboklarda 6 mövsüm keçirib. Kazan klubu keçirdiyi 40 oyundan 13-də qələbə qazanıb, 13-də heç-heçə edib və 14-də məğlub olub.
Komanda ilk dəfə avrokubokların qrup mərhələsinə 2009-2010 mövsümündə qatılıb. Çempionlar Liqasının qrupuna düşən Kazan klubu ünlü “Barcelona”nı səfərdə məğlub etməklə sensassiyaya imza atmışdı.
Ötən mövsüm Çempionlar Liqasının pley-off mərhələsində Lion “Olympique”inə yenilən Kurban Berdiyevin yetirmələri Avropa Liqasının 1/32 finalında mübarizəni dayandırmışdı.
“Rubin”in heyətində rusiyalı futbolçularla yanaşı, Argentina, İspaniya, Nigeriya, Braziliya, Finlandiya, Litva, İtaliya, İsrail, İran, Venesuella və Türkiyədən legionerlər çıxış edir. Obafemi Martins, Gökhan Töre, Gökdeniz Karadeniz kimi tanınmış futbolçular “Neftçi”yə qarşı oynayacaq.
Bakı “İnter”inin bata bilmədiyi komanda
Paytaxt Belqradı təmsil edən “Partizan” klubu isə 1945-ci ildə yaradılıb. Komanda ev oyunlarını “Partizan” stadionunda keçirir. Arenanın azarkeş tutumu 32710 nəfərdi.
“Partizan”a Vladimir Vermezoviç başçılıq edir. 48 yaşlı mütəxəssis baş məşqçi postuna bu il təyin olunub. O, 2004-2005 mövsümündə də “Partizan”a başçılıq edib. Serbiyanın “Teleoptik”, Slovakiyanın “Spartak” və CAR-ın “Kayzer Çiefs” klublarına başçılıq edib.
Vermezoviçə qədər isə komandaya İsrail yığmasının və “Chelsea” klubunun sabiq baş məşqçisi Avraam Qrant rəhbərlik edirdi. O, klub rəhbərliyi ilə fikir ayrılığı üzündən postundan istefa verib.
“Partizan” ölkənin ən köklü klublarındandı. Yuqoslaviya və Serbiya-Çernoqoriya dövründə 19 dəfə çempion olub, 9 dəfə ölkə kubokunu qazanan komanda ölkə Serbiya adlanandan sonra 5 dəfə çempionluq, 3 dəfə kubok sevinci yaşayıb.
“Partizan” avrokuboklarda indiyədək 189 oyun keçirib, 75 qələbə qazanıb, 36 heç-heçə edib və 78 dəfə uduzub.
“Partizan”ın heyətində serb futbolçularla yanaşı, Çernoqoriya, Sierra Leone, Braziliya, Bolqarıstan, Makedoniya və Liviyadan legionerlər çıxış edir. “Partizan”ın əksər üzvləri Serbiya milli komandasının üzvləridi.
Bu komanda artıq bir dəfə ölkəmizə gəlib. Belə ki, 2008-2009 mövsümündə Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”i bu komandaya rəqib olub. Bakıdakı oyun 1:1 hesabı ilə başa çatıb, Belqradda isə “Partizan” qələbəyə sevinib – 2:0.
