2 sentyabr 2012 12:23
İnter Gürcüstanda tam heyətlə hazırlıq keçə bilmir
Xəbər verdiyimiz kimi, "İnter" hazırda Tiflisdə təlim-məşq toplanışı keçirir. Azerisport.az xəbər verir ki, “bankirlər” ötən gün növbəti məşqlərinə çıxıb.
Səhərki hazırlığında futbolçular isinmə hərəkətlərindən sonra fiziki tapşırıqları yerinə yetiriblər. Axşam məşqində isə "İnter"in oyunçuları topla çalışıblar. Topla hərəkətlər edən futbolçular daha sonra qapıya zərbələr endirdilər, yekunda isə iki tərəfli oyunla bu günlük hazırlıq tamamlanıb.
Qeyd edək ki, "İnter" Gürcüstana 21 futbolçuyla gəlib. Bunlar qapıçılar - Georgi Lomaya, Revaz Tevdoradze, Elşən Poladov, müdafiəçilər - Ruslan Əmircanov, Valeri Abramidze, İliya Kandelaki, Haynts Barmettler, Ruslan Cəfərov, yarımmüdafiəçilər - Fuad Bayramov, İbrahima Niasse, Slavço Georgiyevski, Daniel Genov, Asif Məmmədov, Samir Zərgərov, Mirsahib Abbasov, Aleksandr Qross, Coşqun Diniyev və hücumçular - Tales Şütz, Georgi Adamiya, Baçana Tsxadadze və Ramil Mansurovdu.
Qeyd edək ki, hazırda Azərbaycan yığmasın sərəncamında olan Vladimir Levin, Nizami Hacıyev və Arif Daşdəmirov, Azərbaycanın U-17 millisinin düşərgəsində olan Abdulla Abatsiyev "İnter"in toplanışında iştirak etmirlər. Bundan başqa, zədə səbəbindən Petar Zlatinov da Gürcüstana aparılmayıb. Müdafiəçi Brüs Abdullaye isə komandaya sentyabrın 3-də qoşulacaq.
Əlavə edək ki, hazırlıq planına əsasən komanda Gürcüstanda iki yoldaşlıq matçında qüvvəsini sınayacaq. İlk matç ayın 4-ü baş tutacaq.
