4 sentyabr 2012 00:09
Ronaldodan yığmamızla oyun öncəsi şok açıqlama
Ötən bazar İspaniya La Liqasında “Granada”nı qəbul edən və 3:0 hesablı qələbə qazanan “Real”ın heyətində Kristiano Ronaldo dubla imza atdı. Azerisport.az xəbər verir ki, portuqaliyalı futbolçunun qollardan sonra sevinməməsi diqqəti çəkib.
Sentyabrın 11-də millimizə qarşı oynamalı olan ulduz futbolçu bunun səbəbi barədə jurnalistlərə açıqlamasında gözlənilməz fikirlər səsləndirib: “Qoldan sonra sevinmədim, çünki xoşbəxt deyiləm. Səbəbini klub rəhbərliyi bilir. İnsanlar xoşbəxt olmadığımın fərqindədi”.
Bununla bağlı əlavə heç bir açıqlama verməyəcəyini bildirən Ronaldo “Buna səbəb sənin yox, Andres İnyestanın “İlin futbolçusu” seçilməyi olub” sualına belə cavab verib: “Bunun İnyesta ilə heç bir əlaqəsi yoxdu”.
O, sentyabrın 7-11-də Lüksesburqla və millimizlə oyunlara qatılacağını bildirib: “Dünya çempionatının seçmə mərhələ oyunları üçün milli komandaya qatılacağam. Orada bizim üçün çox önəmli matçlar var. Həmin oyunlarda forma geymək istəyirəm”.
Qeyd edək ki, “Granada”ya 2 qol vuran Ronaldo 64-cü dəqiqədə Qonzalo İquayn tərəfindən əvəzlənib. Bəzi mənbələrdə futbolçunun zədə aldığı üçün əvəzləndiyi deyilsə də, Joze Mourinyo onu özünü yaxşı hiss etmədiyi üçün meydandan çıxarıb.
