4 sentyabr 2012 12:06
Gürcüstan futbolunun əfsanəsi Simurqun düşərgəsində
Yığma komandanın dünya şempionatının seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edən "Simurq" Gürçüstanda təşkil edilmiş təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, "Kopala" otelində məskunlaşan komanda ötən gün növbəti məşqinə çıxıb.
Əvvəlcə fitnes klubda fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında hazırlığa başlayan “sarı-qaralar” daha sonra məşq etdiyi meydançaya yollanıb. Burada da fiziki gücün artırılması ilə bağlı bir neçə tapşırığı yerinə yetirən futbolçular, müxtəlif taktiki və texniki çalışmalarla məşqi davam etdirib.
Komandanın çərçivə qoruyucuları Dmitri Kramarenko, David Petşkeviç və Eyyub Əliyev isə komandadan ayrı, qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında xüsusi hazırlaşıb.
Qeyd edək ki, bu gün də Zaqatala təmsilçisi iki məşqə çıxacaq.
Yeri gəlmişkən, "Simurq"un dünən baş tutan məşqini izləyənlər arasında tanınmış bir sima da iştirak edib. Hazırda Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti və 21 yaşlılardan ibarət yığma komandanın baş məşqçisi işləyən Akeksandr Çivadzedi komanda ilə yaxından tanış olub, “sarı-qaralar”ın məşq prosesini izləyib. Baş məşqçi Georgi Çixradze ilə çox yaxşı münasibətləri olan gürcü futbolunun canlı əfsanəsinə "Simurq" haqqında dolğun məlumat verilib.
Qeyd edək ki, Aleksanr Çivadze 1980-cı ildə SSR-nin ən yaxşı futbolçusu seçilib. O, 1974-cü ildən 1987-ci ilə qədər Tiflisin "Dinamo" klubunda forma geyinib. Paytaxt təmsilçisinin heyətində çıxdığı 324 matçda 44 qola imza atan Çivadze komandası ilə 2 dəfə ittifaq kubokunun, 1978-ci ildə isə SSSR çempionu adına layiq görülüb. 1980-cı ildə Moskvada keçirilən olimpiadada isə yığma komandanın heyətində iştirak edib və bürünc medal qazanıb. Daha sonra məşqçilik karyerasına başlayan Çivadze 1993-1997 və 2001-2003-cü illərdə yığma komandanı çalışdırıb.
