4 sentyabr 2012 12:12
Eli Qutman: Azərbaycan yığması barədə hər şeyi bilirəm
Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman komandanın kapitanı Yossi Benayun və hücumçusu İtay Şehterlə birgə mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, onlar jurnalistlərlə söhbətində DÇ-2014-ün qarşıdan gələn Azərbaycan və Rusiya ilə oyunlarından söz açıblar.
Qutman çıxışı zamanı öncə bunları dilə gətirib: “Hazırda beynimdə ancaq Azərbaycanla oyun var. Biz hamımız vahid bir komandayıq və uğur qazanmaq istəyirik. Futbolçularımı hiss edirəm. Siz inanmasanız da, hətta zədəli oyunçularımızdan məktublar alıram. Eran Zahavi yazıb ki, “mən yalnız yığmada olanda bu komanda üçün nə qədər vacib olduğumu anlayıram”. Biram Kiel isə hazırda yığmanın düşərgəsində olmamasından üzüntüsünü bildirib”.
Qutman yığmamız haqda da xüsusi danışıb: “Mən Azərbaycan yığması barədə hər şeyi bilirəm. Bilirəm ki, onlar doğma meydanda necə oyun sərgiləyirlər. Çox sürətli və təhlükəli komandadı”.
Yossi Benayun da Bakıdakı görüşə toxunub: “Ümid edirəm ki, biz Bakıda yaxşı oyun sərgiləyə biləcəyik”.
Şehter isə bunları söyləyib: “Azərbaycan çox yaxşı komandadı. Yığmamıza səfərdə çətin olacaq. Lakin hesab edirəm ki, 40 min azarkeşin dəstəyinə rəğmən, biz təşkilatlanmış oyun göstərə biləcəyik. Rusiya ilə görüş barədə hələlik düşünmürük”.
Qeyd edək ki, Azərbaycan – İsrail oyunu sentyabrın 7-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
