6 sentyabr 2012 11:07
İsrail yığması Bakıda güclü mühafizə altında
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan yığmasının ilk rəqibi olan İsrail millisi artıq dünəndən Bakıdadı. Azerisport.az xəbər verir ki, qonaq komandanın hazırda ölkəmizdə olduğu müddətdə xüsusilə təhlükəsizliyi əsas diqqət mərkəzindədi.
Düzdü, Azərbaycanla İsrail arasında dostluq münasibətləri var. Yəni qonaqlarımıza sırf azərbaycanlılardan hansısa təhlükə gözlənilmir. Amma cənub qonşumuz İranla İsrail arasındakı münasibətlərin kəskinliyini nəzərə alsaq, bu baxımdan yığmamızın rəqibi üçün ciddi təhlükə mövcudluğu danılmazdı. Üstəlik, İranın son dövrlərdə Azərbaycanla da düz deməməsi ikiqat təhlükə zəmini yaradır.
Bu üzdən də paytaxtımızda məhz Azərbaycan – İsrail oyunu ilə əlaqədar gücləndirilmiş təhlükəsizlik xidməti həyata keçirilməkdədi. Gələn son xəbərlərə əsasən İsrail yığmasını aeroportdan otelə qədər 10 polis maşını və vertolyot müşaiyət edib. Təbii ki, bu zaman yollar da tam boşaldılıb. Futbolçuların qaldığı otelə girmək üçün bir neçə təhlükəsizlik postundan keçmək lazımdı. Burda həm polislər, həm də təhlükəsizlik işçiləri xidmət göstərirlər. Futbolçulara isə yığmanın idman geyimlərindən istifadə etməmək xəbərdarlığı edilib. Yəni onlar daha çox mülki geyimdən yararlanmaq məcburiyyətindədilər ki, seçilməsinlər.
Maraq üçün xatırladaq ki, UEFA Çempionlar Liqasının elə bu yay “Neftçi” ilə İsrail “Hapoel”i (Kiryat Şmona) arasındakı cavab oyunu zamanı da oxşar proseslərin şahidi olmaq mümkün idi. Həmin oyun ərəfəsində də israillilərin həm qaldığı otel, həm də oyunun keçirildiyi “Dalğa Arena” gücləndirilmiş şəkildə qorunurdu.
Azərbaycan – İsrail oyunu isə sabah keçiriləcək və Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:00-da başlayacaq.
