11 sentyabr 2012 00:15
Növbəti darmadağın, yoxsa sensasiya?
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınağına çıxır. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin ikinci oyununda Portuqaliya ilə qarşılaşacaq.
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, Portuqaliya artıq iki seçmə mərhələdə Azərbaycan yığmasına rəqib olub. Təəssüf ki, bu qarşılaşmalarda yığmamız o qədər də uğurlu çıxış edə bilməyib. Bir sözlə, Portuqaliya Azərbaycan üçün uğursuz rəqiblərdəndi.
İlk dəfə bu komanda ilə 1999-cu ildə, martın 26-da səfərdə qarşılaşmışıq. AÇ-nin seçmə mərhələsi çərçivəsində Gimaraynşda baş tutan görüşdə Portuqaliya Azərbaycan millisini biabırçı hesabla məğlub edib - 7:0. Amma sentyabrın 4-də Bakıda keçirilən cavab görüşündə millimiz həmin darmadağının qisasını qismən də olsa, ala bilib. Portuqaliya yığmamıza məğlubiyyətdən 90+7-ci dəqiqədə qurtula bilib - 1:1. Hansı ki, həmin nəticə futbolumuzun yadda qalan uğurlarından biri kimi xatırlanır.
AÇ-2008-in seçmə mərhələsində yenidən bu komanda ilə yollarımız kəsişib. Belə ki, 2006-cı ilin oktyabr ayının 7-də Portuda keçirilən görüşdə Portuqaliya yenə darmadağına sevinib - 3:0. 2007-ci ilin 13 oktyabr tarixində Bakıda baş tutan görüşdə isə millimiz sürpriz edə bilməyib - 0:2.
Göründüyü kimi, Portuqaliya ilə qarşılaşmalar yığmamız üçün o qədər də uğurlu alınmır. Komandamız bu komanda ilə görüşlərdə bir heç-heçəyə nail olsa da, rəqibinə qalib gələ bilməyib. 4 oyuna bu komandadan 13 qol buraxmışıq və bunlardan yalnız birinə cavab verə bilmişik. Amma ümid edək ki, bu dəfə daha yaxşı oyun və nəticə ilə yadda qalacağıq.
Yeri gəlmişkən qeyd edək ki, bu, yığmamızın yeni seçmə mərhələdəki ikinci oyunu olacaq. Komandamız tsiklin açılış matçında İsrail ilə üz-üzə gəldi və məğlub duruma düşdüyü görüşdən heç-heçə ilə ayrıldı. Berti Foqtsun yetirmələri qələbə qazana bilməsə də, sərgilənən oyun və qazanılan bir xal həm azarkeşlər tərəfindən qənaətbəxş qarşılandı, həm də komandamızdakı atmosferi daha da yaxşılaşdırdı. Bu üzdən də gözləmək olar ki, İsraillə oyundan sonra yaranan bu xoş əhval-ruhiyyə millimizin Braqadakı çıxışına da təsirsiz ötüşməyəcək.
Rəqib düşərgədə isə bir qədər fərqli əhval-ruhiyyə var. Düzdü, Paulo Bentonun yetirmələri Lüksemburqla görüşdən qələbə ilə ayrıldılar – 2:1. Amma Kristiano Ronaldonun komandası qrupumuzun aşkar autsayderi ilə görüşdə çox çətinliklə qalib gəldi. Hətta erkən qol da buraxan portəgizlər sonda 3 xal qazanmağı bacarsalar da, sərgilənən oyun həm baş məşqçini, həm də azarkeşləri narazı salıb. Bir sözlə, rəqib düşərgədə heç də xoş əhval-ruhiyyənin olmaması millimiz üçün münasib sayıla bilər.
Lakin Portuqaliyanı səfərdə məğlub etmək və ya ən azı bu komandadan 1 xal almaq yığmamız üçün elə də asan başa gələcək iş deyil. Ən azı ona görə ki, bu komanda hazırda dünyanın ən güclülərindən biri hesab olunur. Qrupumuzun aşkar favoriti olan bu komanda hazırda FİFA reytinqində yalnız İspaniya, Almaniya və İngiltərədən sonra dünyanın dördüncü ən güclü yığmasıdı. Ronaldo başda olmaqla bir çox ulduz futbolçuların cəmləşdiyi Portuqaliya ilə yığması ilə müqayisədə yığmamız son açıqlanan siyahıda 107-ci sırada qərarlaşıb. Bütün bunlara baxmayaraq, ümid edək ki, millimiz Braqada layiqli mübarizə apara, hətta sensasiyaya imza ata biləcək.
Qeyd edək ki, Portuqaliya lə qarşılaşma Azərbaycan yığmasının 2012-ci ildəki səkkizinci oyunu olacaq. Millimiz fevral ayındakı Dubay toplanışı çərçivəsində öncə Sinqapurla, ardından isə Hindistan və Fələstinlə yoxlama oyunu keçirmişdi. İlk görüşdə futbolçularımız 2 top fərqi ilə öndə olduqları halda, son saniyələrdə qələbəni əldən vermişdilər – 2:2. Lakin hindistanlılarla qarşılaşmada daha diqqətli oynamaqla komandamız bu il ilk qələbəsini rəsmiləşdirmişdi – 3:0. Fələstinlə qarşılaşma isə heç kimin gözləmədiyi nəticəylə başa çatmışdı – 0:2. Məhz həmin yenilgidən sonra yetərincə tənqid olunan Foqtslu millimiz daha bir zərbəni Yaponiya ilə qarşılaşmada aldı – 0:2. Dünyanın ən zəif yığmalarından olan Andorranı yenə bilməməyimiz də (0:0) utancverici nəticələrdən biri kimi tarixə düşdü. Yalnız Bakıda baş tutan Bəhreynlə sınaq görüşündə futbolçularımız 3:0 hesablı qələbə ilə tənqidlərdən nisbətən yaxa qurtarmışdı. İsraillə rəsmi görüşdə isə məlum heç-heçə qeydə alındı – 1:1.
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 189-cu matçına çıxacaq. İndiyəqədərki oyunların 32-də qələbə qazanmışıqsa, 47-də də heç-heçə ilə təsəlli tapmışıq. 109 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 131 qol vurduğumuz halda, öz qapımızdan 335 top çıxarmışıq.
DÇ-2014-ün seçmə mərhələsi
11 sentyabr
00:15. PORTUQALİYA – AZƏRBAYCAN
Braqa. “AXA Stadium”.
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Radoslav Sieyka, Robert Malek (hamısı Polşa).
Hakim-inspektor: Villiam Smit (Şotlandiya).
Hakim-inspektor: Villiam Smit (Şotlandiya).
UEFA nümayəndəsi: İsak Mikladal (Farer adaları).
