10 sentyabr 2012 12:26
“Azərbaycanlı” futbolçular Afrika Millətlər Kubokunda (FOTO)
Azərbaycan çempionu "Neftçi"nin futbolçusu Julius Vobay, "Rəvan"ın üzvləri Şerif Suma və Samuel Barlay, "Bakı"nın oyunçusu İbrahim Karqbo şərəfini qoruduğu Sierra Leone millisində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Afrika Millətlər Kubokunun seçmə mərhələsində Tunis yığması ilə qarşılaşmış Sierra Leone rəqibi ilə heç-heçə edib – 2:2.
Premyer Liqamızda çıxış edən adları çəkilmiş bütün futbolçular bu matçda start heyətində meydana çıxıb və əksəri əvəzlənmədən oynayıb. Yalnız Barlay 74-cü dəqiqədə yerini oyundaşına verməli olub.
Hesabı isə məhz "Rəvan"ın oyunçusu Suma matçın 3-cü dəqiqəsində açıb. Lakin 65-ci dəqiqədə Tunis hesaba tarazlıq gətirib. 83-cü dəqiqədə Sierra Leone yenidən önə keçsə də, 3 dəqiqə sonra daha bir qol buraxıb və qələbədən olub.
