12 sentyabr 2012 09:49
Rəşad Sadıqov: Rusiyaya qarşı daha yaxşı oynayacağıq
Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliyaya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 3:0 hesabıyla başa çatan görüşdən sonra öncə bunları dilə gətirib:
“Düzünü deyim ki, biz Portuqaliyadan belə oyun gözləmirdik. Onların bu qədər güclü olduğunu da düşünmürdük. Paulo Bentonun gəlişindən sonra komanda çox dəyişib. Oyunlarında da ciddi irəliləyiş var”.
Kapitanın sözlərinə görə, komandamızın heyətində ən yaxşı Kamran Ağayev idi: “Fikrimcə, bu gün oyunun ən yaxşısı Kamran idi. O, bir neçə dəfə komandanı real qoldan xilas etdi. Vacib epizodlarda əla seyvləri ilə yadda qaldı”.
Sadıqov minimal hesablı məğlubiyyətin daha yaxşı variant olduğunu bildirib: “Amma bununla 0:3 hesablı məğlubiyyətə layiq olduğumuzu inkar etmək istəmirəm. Nə qədər çalışsaq da, hələ belə rəqiblərlə baş-başa mübarizə aparacaq gücdə deyilik. Arada kəskin səviyyə fərqi var”.
Oyundan öncə baş məşqçi Berti Foqts bildirmişdi ki, milli Portuqaliyaya qələbə dalınca yox, portəgizlərdən nəsə öyrənmək üçün gəlib. Sadıqov da ona haqq qazandırır: “Hesab edirəm ki, bu oyundan təkcə millidə çıxış edən futbolçular yox, bütövlükdə futbol ictimaiyyətimiz nələrisə öyrənməlidilər. Həmçinin də yeni gələn nəsil. Bu matç hamımız üçün dərs olmalıdı”.
Millinin lideri seçmə mərhələdəki növbəti rəqibimizdən – ötən gün İsraili səfərdə darmadağın etmiş (4:0) Rusiyadan da danışıb: “Portuqaliya Rusiyadan güclüdü. Buna görə də rusiyalılara qarşı daha yaxşı oynayacağıq. Buna əminəm”.
