13 sentyabr 2012 16:12
"Partizan belə oyunla Avropa Liqasında heç nə edə bilməyəcək"
Serbiyanın “Partizan” klubunun idman direktoru Lyubişa Tumbakoviç bəyan edib ki, bundan sonra futbolçuları ilə müqavilə bağlayanda, şərtlər arasına aşağı liqa klublarına məğlubiyyətə görə cərimənin məbləği barədə də bənd əlavə olunacaq. Azerisport.az xəbər verir ki, o, bunu Belqrad klubunun “Maçva”ya məğlubiyyətindən (1:2) sonra dilə gətirib:
“Bu cür hərəkətlərə yol vermək olmaz. Görünür, bəzi futbolçularımız elə hesab edirlər ki, “Partizan”a keçməklə hər şeyə nail olublar. Onlar başa düşmürlər ki, bu formanı geyinməklə onlar daha çox məşq etmək, çalışmaq məsuliyyəti daşıyrlar”.
Tumbakoviç daha sonra bunları bildirib: “Düzünü deyim ki, mən bu oyunda bəzi futbolçularımız tanıya bilmirdim. Onlar heç bacardıqlarını da nümayiş etdirə bilmirdilər”.
“Partizan”ın idman direktoru hesab edir ki, komanda belə oyunla Avropa Liqasında heç nəyə nail ola bilməyəcək. Hansı ki, “partizan”lar Azərbaycan çempionu “Neftçi”, İtaliyanın “İnter” və Rusiyanın “Rubin” klubları ilə bir qrupda yer alıblar.
Lakin Serbiya mətbuatı Tumbakoviçin bu cür həyəcan təbili çalmasını və futbolçuları tənqid etməsini əbəs hesab edir. Onlar qeyd edir ki, komanda “Maçva” ilə qarşılaşmada heç də əsas heyətlə mübarizə aparmayıb.
Qeyd edək ki, “Partizan”ın qrup mərhələsindəki ilk rəqibi məhz “Neftçi” olacaq. Həmin görüş sentyabrın 20-də Belqradda keçiriləcək.
