16 sentyabr 2012 02:25
Millimizin forvardı oynadı, komandası darmadağına sevindi (YENİLƏNİB)
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Vüqar Əsgərovun heyətində yer aldığı “Metallurg” Latviya çempionatında növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Liepaya klubu ölkə çempionatının 27-ci turu çərçivəsində “Metta” ilə görüşüb.
Qarşılaşma doğma meydanda keçirilib. Bu üzdən də liyepayalılar mütləq qələbə qazanmağı hədəfləmişdilər. Onlar bu istəklərinə darmadağınla nail olublar - 4:1. "Qəbələ"nin sabiq qapıçısı Pavel Doroşev 90 dəqiqə oynayıb. "İnter"in keçmiş hücumçusu Girt Karlson isə 84 dəqiqə meydanda olub.
Son oyunlarda bir qədər az forma geyən millimizin forvardının bu dəfə hansı aqibəti yaşayacağı maraq doğururdu. Vüqar Əsgərov oyuna ehtiyatda başlasa da, 84-cü dəqiqədə məhz Karlsonun əvəzində meydana çıxıb.
Qeyd edək ki, hazırda Liyepaya klubu 26 oyundan sonra 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb və ehtiyatda bir oyunu var. “Metta” isə 18 xalla 10 komanda arasında sonuncudu.
Latviya çempionatı
27-ci tur
15 sentyabr
Metallurg - Metta - 4:1
