14 sentyabr 2012 11:51
Böyük oyunlarda Neftçini ən çox məyus edən Julius Vobaydı
Həftəsonu keçiriləcək Azərbaycan Premyer Liqasının V turu “Böyük oyun”la əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, Azərbaycanda ən çox sevilən klublardan olan “Xəzər Lənkəran” və “Neftçi” növbəti – 26-cı dəfə üz-üzə gələcək.
Sentyabrın 15-dəki matçadək “Neftçi” ilə “Xəzər Lənkəran” 23 çempionat və 2 kubok qarşılaşmasında prinsipial matça çıxıb. 26-cı oyun ərəfəsində ümumi balansda tarazlıq hökm sürür. Daha çox heç-heçənin – 11 dəfə qeydə alındığı duellərdə “Neftçi” də, “Xəzər Lənkəran” da 7 qələbə qazanıb. Bakılıların 25 qoluna lənkəranlılar 22 dəfə cavab veriblər.
Çempionatda isə paytaxt təmsilçisi cüzi üstünlüyə malikdi. XL 6 dəfə qalib gəldiyi rəqibinə 7 dəfə uduzub. Daha 10 heç-heçənin olduğu Premyer Liqa matçlarında top fərqi də “Neftçi”nin tərəfindədi - 21:17. Bakıdakı görüşlərdə 4 dəfə “Neftçi”, 2 dəfə “Xəzər Lənkəran” qalib gəlibsə, 5 dəfə heç-heçə qeydə alınıb.
* “Xəzər Lənkəran”ın 96 futbolçusu “Neftçi”yə qarşı oynayıb.
* 96 futbolçudan 16-sı həm çempionat, həm kubokda bu həyəcanı yaşayıb. Digər 80 oyunçu yalnız 1 yarışda “Böyük oyun”un iştirakçısı olub.
* Alim Qurbanov hamıdan çox – 8 mövsümdə “Böyük oyun”da iştirak edib. O, 2004/05 mövsümündən başlayan rəqabətin hər mövsümündə heç olmasa 1 matçda “Neftçi”yə qarşı oynayıb. Rahid Əmirquliyev 6 mövsümdə bu duellərin həyəcanını yaşayıb.
* Lakin Rahid Əmirquliyev hamıdan çox – 19 dəfə “Neftçi”yə qarşı oynayıb. Bu dəfə o, yubiley – 20-ci dəfə “Böyük oyun”da oynayacaq. Kamran Ağayev – 15, Alim Qurbanov – 12, Radomir Todorov 11, Rəşad Abdullayev, həmçinin Emeka Opara hərəyə 10 “Böyük oyun”a “ağ-yaşıl” formada çıxıb.
* Rahidlə Kamran “Böyük oyun”larda 1000-dən artıq dəqiqə keçirib. Əmirquliyev 1370, Ağayev isə 1350 dəqiqə ərzində bu həyəcanı yaşayıb. 975 dəqiqəsi olan Radomir Todorov 1000-i bu matçda keçə bilər.
* “Xəzər Lənkəran”ın “Neftçi”nin qapısına vurduğu 22 qola 17 futbolçu imza atıb. Daha bir dəfə rəqib avtoqola üzülüb.
* “Xəzər Lənkəran”ın heyətində Julius Vobay hamıdan çox – 3 dəfə indi oynadığı “Neftçi”ni məyus edib. Uinston Parks, Zaur Ramazanov və Rəşad Abdullayev isə hərəyə 2 dəfə “ağ-qaralar”ı qolla məyus edib. Rahid Əmirquliyev, Andrey Mureşan, Alim Qurbanov, Adrian Skarlatake, İvan Svetkov, Mahmud Qurbanov, İlqar Qurbanov, Oqtay Dərəlioğlu, Rikardo Qomeş, Xaqani Məmmədov, Ceyhun Sultanov, Əhməd Dursun və Alexandro Ruiz 1 dəfə fərqlənib.
* “Böyük oyun”larda “Xəzər Lənkəran”ın 40 futbolçusu vərəqə ilə cəzalanıb. Onlar ümumilikdə 63 dəfə qarşısında vərəqə görüb. Emin Quliyev və Elnur Allahverdiyev hamıdan çox – 4, Oqtay Dərəlioğlu və Elnur Abdullayev 3 dəfə cəzalanıblar.
* XL “Böyük oyun”larda 2 dəfə qırmızı vərəqə ilə cəzalanıb. 2007/08 mövsümündə I dövrənin Lənkərandakı görüşünün 88-ci dəqiqəsində Emin Quliyev meydandan qovulub. 2009/10 mövsümündə final mərhələsinin I dövrəsinin yenə Lənkərandakı görüşündə isə qırmızı vərəqə Ruslan Poladova göstərilib. Lakin o meydandan deyil, texniki zonadan qovulub. Çünki o, qırmızı vərəqəni ehtiyatda oturaraq alıb.
* 26-cı dəfə “Neftçi” ilə görüşəcək cənubluları əvvəlki 25 matça 7 baş məşqçi çıxarıb. Ardıcıl 3-cü dəfə “Böyük oyun”un iştirakçısı olacaq Yunis Hüseynov əvvəlki 2 dueldən məğlubedilməz ayrılıb.
