16 sentyabr 2012 01:54
Neftçinin 1 rəqibi uduzdu, digəri darmadağınla qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Rusiya və Serbiya çempionatlarında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan “Rubin”lə “Partizan” da növbəti oyunlarına çıxıblar.
“Rubin” 8-ci turun oyununda Moskva “Lokomotiv”i ilə qarşılaşıb. Səfər qarşılaşmasında kazanlıların xal qazanmaq istəyi baş tutmayıb. Paytaxt klubu tatarları minimal hesabla məğlub ediblər. Kurban Berdıyevin yetirmələri 52-ci dəqiqədə yenik duruma düşüblər. 45-ci dəqiqədə isə Ansaldi ikinci sarı - qırmızı vərəqə alaraq, komandasının azlıqda qoyub. Hazırda bu komanda səkkiz oyundan sonra 12 xalla 7-ci pillədə qərarlaşıb.
“Partizan” isə 5-ci tur çərçivəsində “Hajduk”u qəbul edib. Meydan sahibləri rəqib qapısından beş qol keçiriblər. Qonaqlar isə bunlardan yalnız ikisinə cavab verə biliblər - 5:2. "Partizan" 33-cü dəqiqədə rəqib futbolçunun avtoqoluna sevinib. Bundan 4 dəqiqə sonra Tomiç fərqi artırıb. Yojiç 47-ci dəqiqədə hesabı darmadağın həddinə çatdırıb. Mitroviç (55) və Skepoviçin (59) qolları bu komandanın qələbəsinə qəti şübhə yeri qoymayıb. Son 15 dəqiqədə iki qol vuran qonaqlar meydandan məğlub ayrılıblar. 5 turdan sonra Belqrad klubu 12 xalla birinci pillədə qərarlaşıb.
