15 sentyabr 2012 00:35
Rail Məlikovun komandasından sürpriz qərar
Türkiyənin “Denizlispor” klubu PTT Birinci Liqanın 3-cü turunun “Adana Demirspor”la oyunu ərəfəsində gözlənilməz addım atıb. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi komanda üzvlərinin maaşlarını vaxtından öncə ödəməyə qərar verib.
Dənizlilər bununla futbolçuların əhval-ruhiyyəsini daha da yaxşılaşdırmaq məqsədi güdürlər. Elə sözügedən məsələ ilə bağlı açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Nihat Aracı da bunu təsdiqləyib. O, bu addımın imkan daxilində hər ay təkrarlanacağını bildirib. “Denizlispor” rəhbərliyi eyni zamanda futbolçuların maliyyə problemlərini vaxtında həll etməsini və hər şeyi unudaraq, komandanın oyunlarına köklənməsinə nail olmaq istəyirlər.
Qeyd edək ki, “Denizlispor”da Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov da çıxış edir. Amma o, hələlik yeni komandasında debüt edə bilməyib. Mümkündü ki, həmyerlimiz digər futbolçumuz Cavid Hüseynovun şərəfini qoruduğu “Adana Demirspor”a qarşı sabah keçiriləcək oyunda ilk matçına çıxsın.
