16 sentyabr 2012 14:16
“Neftçi qrupumuzdakı ən zəif komandadı”
Serbiyanın “Partizan” klubunun yarımmüdafiəçisi Miloş Yoyiç Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
“Komandanın bir sıra üzvləri milli komandalara dəvət olunduğundan düşərgədə deyildilər. Ona görə də bu müddət ərzində “Neftçi” barədə o qədər də çox şey öyrənə bilmədik. Hazırda məşqçimiz Aleksandr Roqiçin Bakıdan qayıtmasını gözləyirik. O, “Neftçi”nin Azərbaycan çempionatındakı oyununu (söhbət “Xəzər Lənkəran”la qarşılaşmadan gedir – azerisport.az) izləyib. O, rəqib barədə bizim üçün hər cür məlumat gətirəcək”.
Yoyiç Azərbaycan çempionunu H qrupunda ən zəif rəqib sayır: “Neftçi”yə hörmətlə yanaşırıq. Amma onlar qrupumuzdakı digər rəqiblərdən – Milan “İnter”i ilə “Rubin”dən zəifdilər. Ona görə də biz Avroliqanın qrup mərhələsindəki yolumuza qələbə ilə başlamalıyıq. Bu, qarşıdakı mübarizədə bizə daha da əlavə güc verəcək”.
Serbiya çempionatının son turunda “Hajduk”a qarşı oynayan (5:2) və qol vuran gənc futbolçu “Neftçi” ilə görüşdə də iştirak etmək istəyir: “Baş məşqçi mənə şans verdi və şadam ki, belə bir oyunda qələbə qazana bildik. “Neftçi”yə qarşı oynayıb-oynamayacağımı bilmirəm. Buna baş məşqçimiz qərar verəcək. Mən isə onun qərarlarına hörmətlə yanaşıram”.
Qeyd edək ki, “Neftçi” ilə “Partizan” arasındakı ilk oyun sentyabrın 20-də Belqradda keçiriləcək.
