17 sentyabr 2012 14:12
Əmrah Çəlikəl: Cəriməni Qurbanov müəyyənləşdirəcək
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl azerisport.az saytına müsahibəsində ötən gün baş tutan Premyer Liqanın 5-ci turunun AZAL-la oyunundakı ağır məğlubiyyətdən (2:6), eləcə də Qurban Qurbanovun istefa vermək istəməsindən danışıb. O, öncə bunları dilə gətirib:
“Oyundan sonra Qurban Qurbanov istefa vermək istədiyini dilə gətirdi. Amma biz onun bu istəyini qəbul etmədik. Bu, üzücü məğlubiyyət idi. Lakin bu oyun çempionatdakı nə birinci, nə də sonuncu oyunumuzdu. Qarşıda çoxlu oyunlar var. Fikrimcə, komanda uğursuzluğun səbəbini başa düşəcək və gələcəkdə daha inamla mübarizə aparacaq”.
Çəlikəl komandanın ötən gün sərgilədiyi oyuna da toxunub: “AZAL-la oyunda komanda heç də yaxşı formada deyildi. Bunun səbəbini çox şeylə izah etmək olar. Məsələn, mənim fikrimcə, buna yığma komandanın gərgin təlim-məşq toplanışı az təsirsiz ötüşmədi. Hər halda ilk dəfə deyil ki, futbolçularımız yığmadan qayıtdıqdan sonra uduzurlar. Amma digər tərəfdən yığma komanda da bu ölkəni təmsil edir və futbolçular başa düşməlidilər ki, hər iki komanda üçün döyüşmək lazımdı”.
“Düzdü, biz başa düşürük ki, yığmanın düşərgəsindən yorğun qayıtdıqdan sonra klubda oyuna çıxmaq çətindi. Qarşıda yığmanın oktyabr toplanışı da olacaq. Rusiya ilə oyundan sonra isə bizi “Bakı” ilə qarşılaşma gözləyir. Mən həmin oyunda komandanın hansı vəziyyətdə olacağını bilmirəm. Amma yığmanın uğuru üçün hər kəs bütün gücünü sərf etməlidi” – deyə, klub rəsmisi bildirib.
Sonda o, futbolçuların cəzalanacağını da açıqlayıb: “Biz bu məsələni baş məşqçiyə həvalə etmişik. Qurban Qurbanov AZAL-la oyunda sərgilədikləri futbola görə yetirmələrinə necə cəza verəcəyini özü müəyyənləşdirməlidi. Mənə isə sadəcə futbolçuların bu uğursuzluğu mümkün qədər tez unutması lazımdı”.
