17 sentyabr 2012 16:17
Vaqif Sadıqov Qarabağ üzərində qələbənin sirrini açıqladı
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində Premyer Liqanın 5-ci turunda “Qarabağ” üzərində qazandıqları səs-küylü qələbədən (6:2), eləcə də liderliyə yüksəlmələrindən danışıb:
“Bu oyunda hər şey bizim üçün uğurlu alındı. Şadam ki, futbolçularımız bütün tapşırıqlarımızı düzgün yerinə yetirdilər”.
Sadıqovun sözlərinə görə, onların bu qələbəsində erkən qolların faydası böyükdü: “Çünki bu qollar “Qarabağ”ı açılmağa məcbur etdi. Onlar böyük qüvvə ilə irəli atıldılar. Belədə biz də öz istədiklərimizi asanca həyata keçirə bildik. Nəticədə ələ düşən imkanlardan maksimum yararlanıb, qələbə qazandıq”.
AZAL-ın çalışdırıcısı “Qarabağ”ın qapısına dörd qol vuran və hazırda çempionatın bombardirinə çevrilmiş Junior Nildodan da danışıb: “Hətta “Qarabağ”ın qapısına dörd qol vurmasaydı da, Nildo çox uğurlu transferdi. Biz hücumun bu mövqeyinə çox oyunçu axtardıq. Amma o, yalnız özü üçün yox, komanda üçün oynamalıdı. Yəqin ki, zamanla bu da keçər”.
O, bütövlükdə komandasının indiki heyəti ilə də bağlı danışıb: “Əlbəttə, komandada anlaşma səviyyəsinin daha da yaxşılaşması üçün zaman lazımdı. Eyni zamanda heyətdə tez-tez dəyişikliklər də etməli oluruq. Məsələn son oyunda bəzi milli üzvləri ehtiyatda qalmışdılar. Amma bu, komandada rəqabətin yüksək səviyyədə olmasının göstəricisidi. Kim özünü məşqlərdə daha yaxşı göstərəcəksə, o da oynamaq şansı qazanacaq”.
“Təyyarəçilər”i qarşıda daha ciddi rəqib - “İnter” gözləyir. Sadıqov bu oyunla da bağlı düşüncələrini dilə gətirib: “Artıq çempionatda asan oyun yoxdu. İndi biz ilk altılığa düşmək istəyirik. Bu, bizim ilkin hədəfimizdi. Ona görə də birinci mərhələdə mümkün qədər yaxşı çıxış etməliyik. Bizim qarşıdakı iki il üçün planımız var. Bu müddət ərzində yaxşı komanda formalaşdırmaq istəyirik”.
