18 sentyabr 2012 12:09
Xəzər Lənkəranla Simurq inadından əl çəkmir, PFL susur
Premyer Liqanın 4-cü turundan təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" oyununun keçirilmə yeri ilə bağlı suallara hələ də tam aydınlıq gəlməyib. Azerisport.az xəbər verir ki, ötən gün “Simurq” rəsmi saytı vasitəsilə bu oyunun Zaqatalada keçiriləcəyini bəyan etmişdi.
Belə ki, məlumatda sentyabrın 20-də, saat 18:00-da “Simurq”un Zaqatala şəhər stadionunda cənub klubunu qonaq edəcəyi bildirilirdi. Hətta qarşılaşmanın İdman Azərbaycan kanalı vasitəsilə canlı yayımlanacağı da açıqlanmışdı. Belədə, 16-cı tur çərçivəsində keçiriləcək "Simurq" - "Xəzər Lənkaran" matçı isə Lənkəranda baş tutacaqdı.
Lakin bu gün “Xəzər Lənkəran” da rəsmı saytı vasitəsilə fərqli məlumat yayıb: “Xəzər Lənkəran" qarşıdakı 2 ev oyununu Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda keçirəcək. Buna səbəb Azərbaycanda U-17 qızlar arasında keçiriləcək dünya çempionatının bir neçə oyununun “Xəzər Lənkəran” Mərkəzi stadionuna salınması ilə bağlıdı. Həmin oyunlardan birincisi IV turdan təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" görüşüdür. Bu matç sentyabrın 20-də, saat 17:00-da keçiriləcək. Digər oyun isə Premyer Liqanın VI turu çərçivəsində "Xəzər Lənkəran" - "Bakı" qarşılaşmasıdı. Bu görüş də sentyabrın 25-də həmin məkanda və eyni vaxtda keçiriləcək”.
Peşəkar Futbol Liqası isə hələ ki, bu qalmaqallı məsələ ilə bağlı rəsmi qərarını açıqlamır. Görünür, əsl problemə çevrilən bu oyunun keçirilməsi hələ uzun müddət mümkün olmayacaq.
Xatırladaq ki, "Xəzər Lənkəran"ın stadionunda U-17 qızlar arasında dünya çempionatına hazırlıq çərçivəsində yenidənqurma və abadlıq işlərinin aparılması ilə əlaqədar olaraq bu qarşılaşma təxirə salınmışdı.
