19 sentyabr 2012 15:57
Peşəkar Futbol Liqası ilə Topaz arasında 3 illik müqavilə imzalandı
Bu gün "Topaz" və Peşəkar Futbol Liqası arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar KİV nümayəndələri və futbol ictimaiyyətinin tanınmış simalarının iştirakı ilə konfrans keçirilib. Azerisport.az xəbər verir ki, mərasimdə PFL-in prezidenti Ramin Musayev və "Azərinteltek" şirkətinin Direktorlar Şurasının sədri Ahmet Geylani Sezer 3 illik strateji əməkdaşlıq müqaviləsi imzalayıblar.
İmzalanan müqaviləyə əsasən 19 sentyabr tarixindən etibarən "Topaz" Azərbaycan Premyer Liqasını dəstəkləyəcək və bu liqanın adı "Topaz Premyer Liqası" adlandırılacaq.
Müqavilənin detalları barədə məlumat verilməyib. Belə ki, Ramin Musayev konkret rəqəmlər açıqlamayacaqlarını bildirib. Amma tərəflər hamını əmin ediblər ki, bu əməkdaşlıq Azərbaycan futbolunun xeyrinə olacaq.
