19 sentyabr 2012 19:25
“Futbolun inkişafına dair nə bacarırıqsa, əl-ələ verib çalışacağıq”
Bu gün Peşəkar Futbol Liqası və "Topaz" arasında strateji əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə əlaqədar konfrans keçirildi. Azerisport.az xəbər verir ki, mərasimdə PFL-in prezidenti Ramin Musayev ilk olaraq Peşəkar Futbol Liqası və “Topaz” arasındakı əməkdaşlıq haqqında fikirlərini və diləklərini bildirdi:
“Bütün tədbir iştirakçılarını salamlayıram və belə bir xoş gündə bizimlə birlikdə olduğunuz üçün hər birinizə minnətdarlıq edirəm. Artıq Premyer Liqanın beş turu geridə qalıb. Media nümayəndələrinin həsrətlə gözlədiyi gün gəlib çatdı. İmzalanma mərasiminin gecikməsinin səbəbi geniş şəkildə müzakirələrin olması idi. Burada söhbət tək sponsorluqdan getmir, əsas məsələ futbolun inkişaf etməsidi. “Topaz”la müqavilənin bütün bəndlərində razılaşdıq və bu razılığı rəsmiləşdirmək qərarına gəldik”.
Daha sonra o, KİV nümayəndələrinin sualları cavablandırdı: “Üç illik müqavilə imzalandı. Bu üç il ərzində tək “Topaz”ın reklamı yox, futbolun inkişafına dair nə bacarırıqsa, əl-ələ verib çalışacağıq. “Topaz”ın bizə sponsorluğa görə ayırdığı pulun bu şirkətin reklamına aidiyyatı yoxdu. Yəni, “Topaz” yenə də öz reklamını davam etdirə bilər. Qaldı ki, “Şuşa”nın adına stadionun tikintisinə, mən sözümdən qaçan adam deyiləm. “Şuşa”nın gərək stadion tikmək üçün yeri ola ki, mən də bu tikinti üçün pul xərcləyim. “Şuşa”nın keçmiş prezidenti söz vermişdi ki, rəhbərlik tərəfindən 6 hektar torpaq ayrılacaq. Torpaq yoxdursa, stadionu harada tikə bilərik? Premyer Liqanın hər turunun üç qarşılaşmasını canlı yayımlaya biləcək telekanal varsa, yayım hüququnu hədiyyə verirəm demişdim. Heç kim bizdən bunu istəmədi. Yayım hüququnu AzTV-yə Əhməd bəyə görə hədiyyə etdim. Çünki, Əhməd bəy söz verdi ki, hər turun ən azı üç oyunu canlı yayımlanacaq. Bizim marağımız odur ki, oyunlar televiziya vasitəsi ilə göstərilsin və futbolsevərlər televiziyadan oyunları izləyə bilsinlər. Ötən çempionatda elə komandalar var idi ki, bir dənə də olsun ev oyunu canlı yayımlanmadı. Yayım hüqunu üçüncü bir tərəfə vermək şərti ilə və oyunların vaxtı PFL ilə razlışdarılmaqla yayım hüququ “Topaz” şirkətinə verilib”.
