20 sentyabr 2012 01:45
Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası İcraiyyə Komitəsinin iclası Bakıda
Sentyabrın 21-dən 24-dək Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) İcraiyyə Komitəsinin iclası keçiriləcək. Azerisport.az xəbər verir ki, bununla əlaqədar olaraq AİPS prezidenti Canni Merlo başda olmaqla, təşkilatın rəhbərliyi və eləcə də bütün qitələr üzrə müvafiq qurumların prezidentləri ölkəmizə gəliblər.
İclaslar Hilton otelində keçiriləcək. Tədbir çərçivəsində, qonaqlar Bakıda sentyabrın 22-də futbol üzrə 17 yaşadək qızlar arasında keçirilən dünya çempionatının təntənəli açılış mərasimində iştirak edəcəklər.
Bundan başqa, AİPS Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin dəstəyi ilə Bakıda gənc idman jurnalistləri üçün tədris proqramını həyata keçirəcək.
Qeyd edək ki, 23 günlük Gənc Reportyorlar Proqramına AİPS-in 5 qitədən – Afrika, Asiya, Amerika, Okeaniya və Avropadan 19-25 yaşlar arasında gənc jurnalistlərdən seçdiyi 20 nəfər cəlb olunub. Onlar Bakıda 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının keçirildiyi 23 gün ərzində qarşılaşmaları birlikdə izləyəcəklər və hər biri öz ölkəsində təmsil etdiyi media qurumu üçün məaqlələr hazırlayacaq. Onlar Bakıda Təşkilat Komitəsinin seçdiyi Azərbaycanlı həmkarları ilə birgə çalışacaqlar.
Bundan başqa jurnalistlər üçün Keir RADNEDGE, Edna ZHOU, Raymond CHIU, Terence O'Rorke (WADA), Eunju IM (sabiq FIFA referisi), Friedrich STICKLER (European Lotteriesin prezidenti), Roslin MORRIS – AIPS-n baş katibi, Laima JANUSONYTE (AIPS-in vitse-prezidenti) kimi tanınmış və təcrübəli mütəxəssislər məşğələlər aparacaqlar.
Sentyabrın 21-də, səhər saat 10.00-da Park İnn mehmanxanasının “Dan ulduzu” zalında Həm AİPS İcraiyyə Komitəsi iclasının, həm də Gənc Reportyorlar Proqramının açılış mərasimi olacaq.
