21 sentyabr 2012 12:34
FİFA prezidenti DÇ-2012-nin niyə məhz Azərbaycana verilməsinin səbəblərini açıqladı
FİFA prezidenti Yozef Blatter sentyabrın 22-də start götürəcək FIFA U-17 qadınlararası dünya çempionatının niyə məhz Azərbaycana verilməsinin səbəblərini izah edib. Azerisport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri DÇ-2012 ilə əlaqədar bu gün Bakıda keçirilən mətbuat konfransında bunları dilə gətirib:
“Bizim üçün bu, asan qərar oldu. Çünki son illər ərzində Azərbaycan dünya futbolunda öz fəallığı ilə seçilir. Onlar öz namizədliyini irəli sürən kimi, biz razılıq verdik. İnanıram ki, Azərbaycandakı DÇ yüksək səviyyədə keçiriləcək. Azərbaycan FİFA-nın bütün tələblərini yerinə yetirib. Gözəl atmosfer var. Səbrsizliklə çempionatın startını gözləyirik. Qadın futbolu üçün bu il çox fantastik alındı. Dünya çempionatı isə qadın futbolunda bu il üçün keçirəcəyimiz son turnirdi. Yaponiyada keçirilən 20 yaşlılar arasındakı dünya çempionatının oyunları böyük stadionlarda keçirilirdi və arenalar demək olar ki, boş olurdu. Amma Azərbaycandakı stadionlar kiçikdilər və mənim çox xoşuma gəldilər”.
