21 sentyabr 2012 14:52
Yozef Blatter: DÇ-2012-də təkcə Azərbaycana yox, hamıya çətin olacaq
Bu gün Four Seasons otelində FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mətbuat konfransı keçirilib. Azerisport.az xəbər verir ki, konfransda FIFA-nın prezidenti Yozef Blatter, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, FIFA qadın yarışlarının rəhbəri Tatyana Haenni və FİFA Təşkilat Komitəsinin sədri səlahiyyətlərini icra edən Anastasia Tsichlas iştirak ediblər.
İlk olaraq AFFA prezidenti konfrans iştirakçılarını salamlayıb: "FIFA-nın rəhbərliyinə təşəkkür edirik ki, bizə inandılar və bu çempionatın Azərbaycanda keçirilməsinə razılıq verdilər. Hazırlıq dövründə yüksək səviyyədə işlər görməyə çalışdıq. Artıq iştirakçı komandaların hamısı Azərbaycandadı. Biz də çempionat davam etdiyi dövrdə ölkəmizin qonaqpərvərliyini göstərəcəyik".
FIFA-nın prezidenti Yozef Blatter görülən işlərdən razı qaldığını qeyd edib: "Xoş sözlərə görə AFFA prezidentinə təşəkkür edirəm. Sabah start götürəcək dünya çempionatı böyük tarixi hadisədir. Çempionatın Azərbaycanda keçirilməsi qadın futbolunun inkişafı baxımından əhəmiyyəlidir. Bu dəfə fərqli məkandayıq. Tarixi aspektdən yanaşsaq, Bakı müxtəlif mədəniyyətlərin qovuşağında yerləşir. Futbol hamı üçün açıqdır. Burada müxtəlif mədəniyyətlərin nümayəndələri iştirak edirlər. Dünya çempionatında bütün qitələrdən komandalar var.
Azərbaycan çempionatın keçirilməsinə xüsusi səy göstərdi. Ölkə prezidenti cənab İlham Əliyevin qayğısı, himayədarlığı daim hiss olunur. AFFa prezidenti Rövnəq Abdullayev tərəfindən də göstərilən diqqəti qeyd etmək istəyirəm.
Açılış mərasiminin xüsusi əhəmiyyəti var. Təntənəli açılış mərasimi keçiriləcək ki, indiyə qədər bunu heç yerdə izləməmişik. Tədbirdə Cenifer Lopez kimi dünya şöhrətli müğənni iştirak edəcək.
Azərbaycanda hər şey yüksək səviyyədə təşkil edilib. Gözəl mühit, şərait yaradılıb. FIFA-nın bütün tələbləri yerinə yetirilib. Maraqlı oyunlar izləyəcəyimizə ümid edirik".
Blatter həmçinin qeyd edib ki, bu çempionatı keçirməklə Azərbaycan daha böyük şans əldə etmiş olacaq: “Ölkəniz Gürcüstanla birgə AÇ-2020-ni keçirməyə namizəddi. Bu dünya çempionatı da bu yolda bir şansdı. Çünki mundialın oyunları bütün dünyaya yayımlanacaq. Ölkənizi milyonlarla insan izləyəcək, tanıyacaq”.
Amma o, yığmamızın DÇ-dəki şanslarını dəyərləndirərkən bunları qeyd edib: “Çətin olacaq. Özü də təkcə Azərbaycana yox, bütün komandalara. Hər bir iştirakçıya uğurlar arzulayıram. Amma proqnoz verməyəcəyəm. Çünki sonda proqnozum düz çıxsa, bu, yaxşı qarşılanmaz”.
Qeyd edək ki, DÇ-2012 22 sentyabr – 13 oktyabr aralığında Bakı və Lənkəranda keçiriləcək.
