21 sentyabr 2012 17:35
Stamenkoviç Stoykoviçi... Mustafa adlandırıb
Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə Serbiya “Partizan”ı arasındakı qarşılaşma zamanı (0:0) baş verən olaylar bu ölkədə də diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, artıq onlar “Partizan”ın qapıçısı Vladimir Stoykoviçin “Neftçi”dən olan həmkarı Saşa Stamenkoviçin əlini niyə sıxmamasının da səbəbini müəyyənləşdiriblər.
Stoykoviç bəyan edib ki, o, Stamenkoviçin əlini ona görə sıxmayıb ki, Saşa “Partizan” və “Crvena Zvezda” barədə danışarkən, bu iki kluba münasibətdə fərq qoyub.
Sonda onu da əlavə edək ki, Stamenkoviç də həmkarının onunla salamlaşmamasına cavab olaraq rəqib futbolçunu “Mustafa” adlandırıb. Nə qədər qəribə görünsə də, karyerası ərzində “Crvena Zvezda” və “Partizan”ı bir-birinə dəyişən futbolçuları Serbiyada məhz belə çağırırlar. Stoykoviç isə vaxtilə Stamenkoviçlə birgə “Crvena Zvezda”da çıxış etdiyi halda, indi “Partizan”da oynayır.
