21 sentyabr 2012 20:25
İlham Əliyev Yozef Blatteri qəbul edib
Prezident İlham Əliyev FİFA-nın prezidenti Yozef Blatterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azerisport.az xəbər verir ki, görüşdə FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının Azərbaycanda keçirilməsinin önəmi qeyd edilib, çempionata hazırlıq işlərinin yüksək səviyyədə təşkil olunduğu bildirilib.
Görüşdə, həmçinin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına yüksək dövlət qayğısının göstərildiyi vurğulandı, paytaxtda və regionlarda idman infrastrukturunun yaradılması ilə bağlı ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib.
FİFA-nın prezidenti Yozef Blatter FİFA U-17 qadınlar arasında futbol üzrə dünya çempionatının xüsusi medalını və FİFA-nın vımpelini dövlətimizin başçısına təqdim edib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından FİFA-nın prezidenti Yozef Blatterin şərəfinə nahar verilib.
