22 sentyabr 2012 00:27
“Neftçinin qələbəsi serblərə əsl cavab olacaq”
Azərbaycan çempionu “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov paytaxt klubunun azarkeşlərinin Avropa Liqasının qrup mərhələsi çərçivəsində Serbiya “Partizan”ı ilə Bakıda keçiriləcək görüşə xüsusi hazırlaşmasına gərək olmadığını düşünür. Azerisport.az saytına müsahibəsində o, Belqraddakı oyunda baş verənlərə cavab addımı atmağın yersiz olduğunu düşünür:
“Neftçi” həmişə azarkeşləri tərəfindən dəstəyə malik olub. İnanırıq ki, “Partizan”la cavab oyununda fanatlarımız stadionu tam dolduracaqlar. Serblərə Belqraddakı hərəkətlərinə görə nəyisə başa salmağa ehtiyac yoxdu. “Neftçi”nin qələbəsi onlara əsl cavab olacaq. “Neftçi” Azərbaycan futbolunda tarix yazmağa davam edir. Təəssüf ki, ölkə kənarında olduğu kimi, Azərbaycanda da uğurlarımızı istəməyənlər var. Amma biz inanırıq ki, komandamızı qarşıda daha böyük uğurlar gözləyir”.
