23 sentyabr 2012 00:17
Premyer Liqamızda Bakısız tur
Bu gün futbol üzrə Topaz Premyer Liqasının 6-cı turunun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, turun ilk oyun günündə iki qarşılaşma baş tutacaq.
Bu turun ən maraqlı və prinsipial görüşü Sumqayıtda AZAL-la “İnter” arasında baş tutacaq. Qeyd edək ki, “təyyarəçilər” Azərbaycanda keçirilən qızlar arasında U-17 dünya çempionatının oyunları ilə əlaqədar rəqiblərini məhz bu şəhərdə qəbul etmək məcburiyyətində qalıb. AZAL bu görüşə çempionatın potensial lideri kimi çıxacaq. Çünki hazırda turnir cədvəlinin ilk pilləsində “Simurq” qərarlaşsa da, bu komandadan cəmi 1 xal geri qalan paytaxt klubu bir oyun az keçirib. “Bankirlər” isə Vaqif Sadıqovun komandasından 2 xal geri qalır. Yəni bu komanda səfər oyununda qalib gəlməyi bacarsa, “təyyarəçilər”i qabaqlaya bilər. Amma bu, heç də asan olmayacaq. Son turda “Qarabağ”a 6:2 hesabıyla qalib gələn AZAL hələlik, çempionatın məğlubiyyət tanımayan 4 klubundan biridi. Getdikcə favoritlərdən birinə çevrilməyə başlayan şüvəlanlılar üçün bu oyunda bəlkə də rəqib üçün müsbət məqam sayıla biləcək yeganə çatışmazlıq rəqibini doğma stadionunda qəbul etməməsidi. Kaxaber Tsxadadzenin komandasının bu fürsətdən necə yararlanacağı maraqla gözlənilir.
Son turda məhz AZAL-la oyunda gözlənilməz məğlubiyyətə düçar olan “Qarabağ”ı bu dəfə Tovuz səfəri gözləyir. Ağdam təmsilçisi son oyununda səfərdə “Bakı”dan xal almış “Turan”ın qonağı olacaq. Qurban Qurbanov “təyyarəçilər”lə görüşdəki darmadağını unutdurmaq üçün Tovuzdan mütləq qələbə ilə ayrılmalıdı. Əsgər Abdullayevin yetirmələri isə ev oyununda uduzmamaq üçün əllərindən gələni edəcəklər. Bu komanda rəqib düşərgədəki əhval-ruhiyyənin qaydasından maksimum yararlana bilər.
Çemionatın lideri “Simurq” isə “Kəpəz”lə üz-üzə gələcək. Bu oyunu cari mövsümün iki əks qütblərdə qərarlaşan komandalarının qarşıdurması kimi qələmə vermək olar. Zaqatala təmsilçisi hələ ki, bu mövsüm qazandığı nəticələrlə hamını təəccübləndirməyə davam edir. Məğlubiyyət tanımayan Georgi Çixradzenin komandası son oyununda “Xəzər Lənkəran”a qalib gəlməklə daha bir sürprizə imza atdı. Bu üzdən də “sarı-qaralar”ın doğma meydanda yeni mövsümün ən uğursuz komandasına qalib gələcəyi çoxlarında şübhə doğurmur. Amma Mahmud Qurbanovun gəlişindən sonra yeni sürət toplayan gəncəlilər son turda “Qəbələ”ni məğlub etməklə uğursuz gedişata son qoymağı bacardı. Bu üzdən qərb derbisində sürpriz də gözləmək olar.
Son turda məhz “Kəpəz”in qurbanı olan “Qəbələ” də acığını “Rəvan”dan çıxmaq istəyindədi. Fatih Kavlakın komandası doğma meydanda növbəti qələbəsini rəsmiləşdirməyə cəhd göstərəcək. Amma “aslanlar”ın da xal itirmək limiti dolmaq üzrədi. Bəhmən Həsənovun gəlişindən sonra da qələbə qazana bilməyən paytaxt klubu buna səfər matçında nail olmağa çalışacaq.
Nəhayət, turun son matçında son ölkə çempionu “Neftçi” “Sumqayıt”ın qonağı olacaq. Avropa Liqasında çıxış edən “ağ-qaralar” sıx qrafikə rəğmən, bu görüşdən 3 xalla ayrılmağı hədəfləyib. “Neftçi” səfərdə çıxış etməsinə baxmayaraq, bu görüşün aşkar favoriti sayılır. Amma məğlubiyyətləri sıralayan Bernard Raabın komandası ən azı bir xal üçün savaşa bilər.
Göründüyü kimi, turun bütün görüşləri Bakıdan kənarda keçiriləcək. Turun daha bir oyunu (Xəzər Lənkəran - Bakı) təxirə salınıb.
Topaz Premyer Liqası
6-cı tur
23 sentyabr (bazar)
AZAL – “İnter”
Hakimlər: Anar Salmanov, Yaşar Abbasov, Mübariz Haşımov, Fariz Yusifov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Məlik Həsənov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 16:00
“Turan” – “Qarabağ”
Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Kərim Ağayev
Tovuz şəhər stadionu. Saat 17:00
24 sentyabr (bazar ertəsi)
“Simurq” – “Kəpəz”
Hakimlər: Orxan Məmmədov, Vaqif Musayev, İsgəndər Əliyev, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala şəhər stadionu. Saat 18:00
“Qəbələ” – “Rəvan”
Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Ramiz Əsədov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Gülağa Cabbarov
Qəbələ şəhər stadionu. Saat 17:00
“Sumqayıt” – “Neftçi”
Hakimlər: Vüsal Əliyev, Mehman Mahmudov, Azər Əsgərov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Murad Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. Saat 17:00
1
5
3
2
0
8-1
11
Bombardirlər:
7 - Junior Nildo (AZAL)
4 - Zohair Benuahi (AZAL), Riçard Almeyda (Qarabağ)
