24 sentyabr 2012 01:23
Neftçinin rəqibi baş məşqçisiz qala bilər
İtaliyanın “İnter” klubunun baş məşqçisi Andrea Stramaççoni ilə yollarını ayıracağına dair məlumatlar getdikcə daha da artır. Azerisport.az xəbər verir ki, A Seriyasının ötən gün baş tutan “Siena” ilə ev oyunundakı məğlubiyyət sözügedən mütəxəssisin kreslosunu bir qədər də laxladıb.
İtaliya mətbuatı gənc məşqçinin tezliklə istefaya göndəriləcəyini iddia edir. Onu əvəzləməyə mümkün namizədlər arasında isə çoxlu adlara rast gəlmək olar.
Bu arada Stramaççoni “Siena” məğlubiyyətini (0:2) şərh edib: “Üzücü məğlubiyyət olsa da, inamımızı itirməməliyik. Çox qol vəziyyəti yaratsaq da, fərqlənə bilmədik. Verqassolanın qoluna qədər “Siena” sadəcə kornerlərdə təhlükəli ola bilirdi. Əslində ikinci hissəyə çox yaxşı başlamışdıq. “Siena”nın qolu heç də gözləmədiyimiz bir vaxtda gəldi. İstənilən halda bu məğlubiyyət məşqlərimizə təsir göstərməməlidi. İndi birlik zamanıdı. Oyunçularıma inamım tamdı. Yeni komandayıq. Zamanla bu komanda tam oturuşacaq”.
Qeyd edək kİ, “Inter”i qarşıda “Chievo” ilə oyun gözləyir. Milan təmsilçisi Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə eyni qrupda yer alır.
