24 sentyabr 2012 00:19
İtaliya futbolunda qalmaqal
Futbol üzrə İtaliya A Seriyasında bir oyunla bağlı qalmaqal yaranıb. Azerisport.az xəbər verir ki, 4-cü turun ötən gün keçirilməli olan “Cagliari” – “Roma” görüşü baş tutmayıb.
Qeyd edək ki, görüşün ötən gün Bakı vaxtı ilə saat 18:00-da Sardiniyada keçirilməsi planlaşdırılırdı. Paytaxtın eyniadlı təmsilçisi hətta bu qarşılaşmada iştirak etmək üçün oyundan bir gün öncə səfərə də yollanmışdı. Amma son anda Kalyari prefekturası bu qarşılaşmanın nəzərdə tutulan stadionda keçirilməsinə icazə verməyib. Buna isə “Cagliari” prezidentinin klubun rəsmi saytı vasitəsilə bütün azarkeşləri sözügedən oyuna dəvət etməsi səbəb olub. Çünki həmin arenada hazırda təmir işləri gedir və bu üzdən qarşılaşmanın azarkeşsiz keçirilməsi barədə rəsmi qərar çıxarılmışdı. Amma klub prezidentinin gözlənilməz açıqlaması sözügedən bölgə rəhbərliyinin də sərt qərar çıxarması ilə nəticələnib. Onlar azarkeşlərin stadiona buraxılmayacaqları təqdirdə çaxnaşma yaradacaqlarını nəzərə alaraq, ümumiyyətlə burda oyun keçirilməsinə imkan verməyiblər.
Səfərə də gedən, lakin belə gözlənilməz olaylarla üzləşən “Roma” isə dərhal paytaxta qayıtmalı olub. İndi paytaxt klubu baş verənlərə görə müvafiq qurumların hesabat verməsini tələb edir. Romalılar həmçinin “Cagliari”nin texniki məğlubiyyətlə cəzalandırılmasını da istəyir.
