24 sentyabr 2012 12:06
Bandoviç: Bakının hədəfi ÇL-in qrup mərhələsinə düşməkdi
“Bakı”nın baş məşqçisi Bojidar Bandoviç müsahibəsində Azərbaycana gəlişindən, Topaz Premyer Liqasından, eləcə də komandasının hədəflərindən danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
“Mən “Bakı” rəsmiləri ilə hələ iki il öncə tanış olmuşdum. Onlar mənə bu ölkədə futbolun necə inkişaf etdiyi barədə məlumat vermişdilər. Klubun gözəl bazası var. Ev oyunlarımızı da burda keçiririk. Hətta özümüzün otelimiz də var. Büdcə ilə bağlı heç bir problemimiz yoxdu. Qalır yalnız oynamaq”.
Bandoviç rəqib komandalar barədə də danışıb: “Əksər klubların yaxşı maliyyə imkanları var. Futbolçular da yaxşı pul alırlar. İstənilən halda hansısa əcnəbini Azərbaycana gətirmək üçün mütləq böyük pullar xərcləməlisən. Amma bircə legionerlərlə hər şey düzəlmir. Məsələn, bizim stadionda yenidənqurma işləri aparılır ki, orda 200 nəfərə yaxın insan gecə-gündüz çalışır. Özü də hətta maliyyə imkanı yaxşı olmayan klublarla da oyunlar çox çətin keçir. Mən Azərbaycana gələndə düşünürdüm ki, onların çempionatı çox adidi. Amma burda əsas problem ondan ibarətdi ki, istənilən rəqibə uduza bilərsən. Azərbaycan çempionatı xüsusi turnirdi”.
Bandoviç Yunanıstan çempionatından gətirdi Vangelis Mantsiosla da bağlı söhbət açıb: “Vangelis ilk məşqlərdə çox ləng idi. Görünürdü ki, hazır deyil. Amma ona yerli şəraitə uyğunlaşmaq asan oldu. O, bir oyunda hətta dubla da imza atdı. Zamanla Mantsios daha da yaxşı oynayacaq”.
“Komandamızda çoxlu legioner çıxış edir. Amma klubun futbol akademiyasında çoxlu perspektivli uşaqlar var. İmkan olduqca onları əsas komandaya cəlb etmək lazımdı” – deyə, Bandoviç bildirib.
Serbiyalı mütəxəssis sonda komandasının hədəflərindən də danışıb: “Onlar mümkün qədər tez ən yaxşı olmağa çalışırlar. Amma biz addım-addım irəliləməliyik. Dekabrda baxarıq görək komandamızda nə alınır, nə yox? Həmin vaxt daha güclü kollektiv formalaşdırmağı planlaşdırırıq. Axı bizim hədəfimiz Çempionlar Liqasında qrup mərhələsinə düşməkdi”.
