25 sentyabr 2012 12:04
Simurqun qapıçısının seriyası qırıldı
Zaqatalanın “Simurq” klubunun qapıçısı David Petşkeviçin quru seriyası qırılıb. Azerisport.az xəbər verir ki, polşalı qapıçı Topaz Premyer Liqasında ilk qolunu 6-cı turun “Kəpəz”lə oyununda buraxıb.
Bunadək meydana çıxıb əvəzolunmadan keçirdiyi 4 qarşılaşmada qol buraxmayan David Şahin Kərimovun 20-ci dəqiqədəki zərbəsi qarşısında aciz qalıb. Bununla da polşalının Azərbaycandakı seriyası 380-ci dəqiqədə qırılıb.
Lakin polşalının şəxsi seriyası daha uzun olub. Bu il mayın 12-də Çexiya çempionatının “Teplitse” – “Banik” oyununda qonaqların şərəfini qoruyan qapıçı son qolunu həmin matçın 48-ci dəqiqəsində buraxmışdı. Bu isə o deməkdi ki, Petşkeviç 422 dəqiqədən sonra qol buraxdı.
Qeyd edək ki, “Simurq” 2007/08 mövsümündəki (3-6-cı turlar) quru seriya rekordunu təkrarlasa da yeniləyə bilmədi.
