26 sentyabr 2012 17:36
Neftçinin rəqibinə kubok şoku (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Kazanın “Rubin” klubu da növbəti mərhələyə vəsiqə uğrunda mübarizə aparanlar arasındaydı.
Tatarıstan təmsilçisi bu mərhələdə “Yenisey”i mübarizədən kənarlaşdırmalıydı. Kazanlılar Krasnoyarsk klubu ilə səfərdə görüşsə də, cütün favoriti sayılırdı. Amma bu cütdə gözlənilməz nəticə qeydə alınıb. Belə ki, “Rubin” bu görüşdə 1:2 hesabıyla məğlub olub. 19-cu dəqiqədə Sitdikov, 28-ci dəqiqədə isə Nikitin qonaqları cəzalandırıb. Kazanlılar yalnız 90-cı dəqiqədə Davıdovla təsəlli qolunu vurmağa nail ola biliblər. Beləcə, “Rubin” Rusiya kuboku ilə erkən vidalaşmalı olub.
“Rubin”in baş məşqçisi Kurban Berdıyev sözügedən matçda bu heyətdən yararlanıb: Sergey Rıjikov, Vitali Kaleşin, İvan Markano, Salvatore Bokketti, İvan Temnikov (Aleksey Yeryomenko, 46), Roman Şaronov, Pablo Orbays, Alan Kasayev (Parvizcon Umarbayev, 69), Gökdeniz Karadeniz, Sergey Davıdov, Vladimir Dyudyin.
Qeyd edək ki, “Rubin” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibidi.
