26 sentyabr 2012 16:23
AFFA millimizin üzvünü iki oyunluq cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın 6-cı turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
“Sumqayıt”la oyunun 90+1-ci dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Neftçi”nin futbolçusu Emin Mehdiyev 2 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimə olunub. Hər iki klubun 4 futbolçusu sarı vərəqə alıb ki, buna görə onlar 1000 manat cərimə ödəməli olacaq.
“Rəvan”la matçın 72-ci dəqiqəsində aqressiv oyuna görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Aleksandr Çertoqanov 2 oyunluq cəzalandırılıb və klubu 2000 manat cərimələnib. Oyunun 72-ci dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün meydan sahibi 3000, 77-ci dəqiqədə isə meydançaya kənar əşya atıldığı üçün 2000 manat cərimə edilib.
“Simurq”la oyunun 89-cu dəqiqəsində əllə oyuna görə ikinci sarı vərəqəni alan “Kəpəz”in futbolçusu Emin İmaməliyevin cəzası 1 oyun olub. Klub buna görə 200, 5 futbolçusu sarı vərəqə aldığı üçün isə 1000 manat cərimə ödəyəcək.
“İnter” isə AZAL-la oyunda 4 futbolçusu sarı vərəqə aldından 1000 manat cərimə edilib.
